ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “Metlife” stadionunda keçirilən Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində “Real” Madrid və Dortmund “Borussiya”sı üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanı braziliyalı baş hakim Ramon Abatti idarə edib. Matç qollarla zəngin keçib və ispaniyalılar 3:2 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Oyunun 10-cu dəqiqəsində “Real”ın hücumçusu Qonsalo Torres kənardan gələn ötürməni dəqiq tamamlayaraq hesabı açıb. Cəmi 10 dəqiqə sonra müdafiəçi Fran Qarsiya fərqi iki topa yüksəldib.
Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə dramatik anlar yaşanıb. 90+2-ci dəqiqədə “Borussiya”nın forvardı Maksimilian Bayer hesab arasındakı fərqi azaldıb. Lakin 90+4-cü dəqiqədə Kilian Mbappe hesabı 3:1-ə çatdırıb. Bundan iki dəqiqə sonra – 90+6-da Dortmund klubunun müdafiəçisi Din Heysen öz cərimə meydançasında kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca, 90+8-ci dəqiqədə Seru Quirassi penalti zərbəsini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib – 3:2.
“Real” daha öncə 1/8 finalda “Yuventus”u minimal hesabla (1:0) məğlub etmişdi. “Borussiya” isə həmin mərhələdə Meksikanın “Monterrey” klubunu 2:1 hesabı ilə keçmişdi.
Bu nəticə ilə Dortmund təmsilçisi turnirdə mübarizəni dayandırdı. “Real” isə yarımfinalda PSJ ilə qarşılaşacaq.