EN

Türkiyəyə qarşı yeni DİRƏNİŞ

Misir ABŞ-dən Liviyadakı qiyamçı müxalifətinin lideri Xəlifə Haftara Türkiyənin dəniz yurisdiksiyasına dair razılaşmanı dəstəkləməməsi üçün təzyiq göstərməsini istəyir.

Liviya mərkəzi hökumətini dəstəkləyən Türkiyə ilə Xəlifə Haftarın münasibətlərində yaxınlaşma müşahidə olunur. Artıq tərəflər arasında bir sıra məsələlərə dair razılaşma var. Bu il aprelin 4-də Xəlifə Haftarın oğlu, Liviya Milli Ordusunun quru qüvvələrinin komandanı Səddam Xəlifə Haftar Türkiyəyə səfər edib. Türkiyənin müdafiə naziri Yaşar Gülər və Quru Qoşunlarının komandanı SəlcuqBayraktaroğlu tərəfindən qəbul edilən Haftarın əhəmiyyətli kritik müqavilələr imzalayıb. Danışıqlarda Türkiyə Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunu silahla təchiz etməyə razılıq verib.

Liviya vətəndaşlarından ibarət müxalifət bölmələri PUA-ların istifadəsi üzrə təlim keçəcək və Benqazi qüvvələrinin də Türkiyə PUA-ları ilə təchiz olunacağı gözlənilir. Ankara Liviyanın şərqində ehtiyac duyulan hərbi infrastrukturun inkişafına da dəstək verəcək. Haftarlarazılaşdırılmış məsələlərdən biri də türk donanmasının Liviyanın şərqindəki limanlardan istifadəsi ilə bağlıdır. Həmçinin, Haftarın nəzarətində olan qüvvələrin texnika dəstəyi alması müqabilində Türkiyə Hərbi Dəniz Qüvvələrinin də Benqazi-Tobruk xəttində birgə təlimlər təşkil edəcək.

Plana görə, Liviyada hər iki tərəf Türkiyənin dəstəyi ilə gücləndikdən sonra siyasi və hərbi birləşmə istiqamətində addımlar atılacaq. Liviyanın şərqindəki qüvvələrin təlimi və təchiz edilməsinin Tripoli ilə inteqrasiya üçün rıçaq olacağı gözlənilir. Liviyada mərkəzi hakimiyyəti devrilməkdən xilas edən Türkiyənin silahlı müxalifətlə əməkdaşlığa başlaması ölkədə siyasi parçalanmaya son qoya bilər. Liviyada qarşıduran tərəflərin vahid bayraq altında birləşməsi Türkiyənin Şimali Afrikada geosiyasi rolunu artırmış olar.

Misir rəhbərliyinin narahatlığı da bununla bağlıdır. Əvvəllər Misir, Fransa və Birləşmiş Ərəb Əmirlikləri ölkənin neft və təbii qaz ehtiyatlarına nəzarəti ələ keçirmək, Türkiyənin regionda artan təsirinin qarşısını almaq məqsədilə Xəlifə Haftara dəstək verib. Lakin Türkiyənin Liviya münaqişəsindən qalib çıxması Haftara dəstək verən ölkələrin planlarını pozub. Misirin Xəlifə Haftara təzyiq göstərmək üçün ABŞ-yə müraciəti artıq qiyamçı müxalifətin Ankara ilə çox ciddi razılaşmalar əldə etdiyini və Qahirə ilə münasibətlərinin pozulduğunu göstərir. 

Sözügedən müraciət Türkiyə ilə Haftar arasında razılaşmaların yeni detallarını aşkara çıxarır. Məlum olur ki, Ankara Haftarın liderlik etdiyi Liviya Milli Ordusuna hərbi yardım etməyə və müxalifətin legitimliyini tanımağa razılıq verir. Öz növbəsində, qiyamçılar vətəndaş müharibəsini və Türkiyə ordusuna sihalı mübarizəni dayandırır. Yaxın gələcəkdə Türkiyənin təklif etdiyi “yol xəritəsi” əsasında, Liviyada dinc yolla yeni hakimiyyət formalaşa bilər. Qarşılıqlı razılaşmaya uyğun olaraq, Liviyanın şimal-şərq sahillərinə nəzarət edən Haftar ölkəsinin Aralıq dənizində Türkiyə ilə su sərhədlərini tanıyır. 

Qeyd edək ki, 2019-cu il noyabrın 27-də İstanbulda Türkiyə və Liviya arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Bu razılaşmaya əsasən, Liviya Aralıq dənizi hövzəsində 189 min kv.km. sahəni Türkiyənin ərazisi kimi tanıyıb. Lakin Misir, Yunanıstan və Fransa bu sənədə etirazını bildirib. Su sərhədi Krit adasının cənubundan keçdiyindən Yunanıstan bu əraziləri mübahisəli hesab edir. Türkiyə məhz bu müqaviləyə istinad edərək Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işləri aparıb. 2022-ci ildə Tripolidə Türkiyə və Liviya arasında enerji resursları sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar. Bu sənəd Türkiyə və Liviya şirkətləri arasında əməkdaşlığı, quruda və dənizdə birgə tədqiqatların aparılmasını, dəniz zonalarının delimitasiyası, hər iki ölkənin ərazilərində zondlama işlərinin təşkilini nəzərdə tutur.

Haftarın başçılıq etdiyi müxalifətin həmin müqaviləni tanıması Türkiyənin Şərqi Aralıq dənizində və Şimali Afrikada geosiyasi mövqeyini möhkəmlədə bilər. Artıq bu prosesin qarşısını ala bilməyən Misir çox güman ki, ABŞ-nin Xəlifə Haftara təzyiqinə nail olmaqla Türkiyənin Liviya ilə dəniz sərhədləri üzərindəki yurisdiksiyasını pozmağa çalışır. Ancaq bu müqavilə 2020-ci ilin fevral ayında BMT-nin katibliyində qeydə alınıb və beynəlxalq səviyyədə tanınıb. Ona görə də Misirin ABŞ-yə müraciətin və Haftara təzyiqinin ciddi nəticə verəcəyi inandırıcı görünmür. Rəsmi Qahirənin bu addımı Türkiyə ilə münasibətlərdə son dövrlər aradan qalxan gərginliyin yenidən bərpasına səbəb ola bilər. 

Chosen
10
50
cebheinfo.az

10Sources