EN

Zəngəzurla bağlı son həmlə: Türkiyənin mövqeyi belədir

Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Səməd müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi səfərindən geri dönərkən jurnalistlərə Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələrdən danışıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra bu mövzulara aid müzakirələr bir qədər çoxalıb. İndiki halda dəhlizin açılması ilə bağlı əsas yanaşmalar nədən ibarətdir?

- Qardaş Türkiyənin bu məsələlərdə mövqeyi yüksək dəyərləndirilir. Nə qədər qəribə səslənsə də, mənim aləmimdə Zəngəzur dəhlizi açıqdır. Son hadisələrin gedişini analiz edərək belə bir qənaəti bölüşürəm. Azərbaycan Türkiyə münasibətlərinə yaxından baxdıqda, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistanla əlaqələrin inkişafına nəzər saldıqda da bu yanaşmalar güclənir. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün tarixi Xankəndi şəhərində keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ən yüksək səviyyədə yenidən dirçəlməsi də bu qənaətimizi möhkəmləndirir. Həmçinin Azərbaycanın güc mərkəzinə çevrilməsi, Ermənistan daxildə gedən proseslər, Bakı və Moskva arasındakı son gərginlik kontekstində baş verənlər əslində Zəngəzur dəhlizinin zaman içərisində həll olunacaq məsələ kimi təsəvvür olunur. Çünki hər bir məsələnin əsası, fundamenti olmalıdır. Baş verən proseslər Zəngəzur dəhlizinin özəyini təşkil edən məsələlərdir. Azərbaycanın həyata keçirdiyi siyasət məhz bu reallıqları özündə ehtiva edir.

- Dəhlizin nə vaxt və hansı şərtlər daxilində açılacağı ilə bağlı fərqli proqnozlar səslənir. Sizin ehtimallarınız nədən ibarətdir?

- Zəngəzur dəhlizi nə vaxt, bu gün-sabah və yaxud iki gündən sonra açılacaq yanaşması artıq prinsipal məsələ deyil. Təbii ki, dəhliz nə qədər tez açılsa bir o qədər yaxşıdır. Amma bunun müstəvisində türk birliyi faktoru, ölkələrin regionda malik olduğu imkanlar əyani şəkildə müşahidə edilir. Eyni zamanda geosiyasi dəyişikliklər açıq şəkildə özünə biruzə verir. Bütün bunlar onu deməyə əsas verir ki, biz yeni reallığın konkret nəticələrini görürük. Bu nəticələrdən biri də məhz Zəngəzur dəhlizidir.

- Azərbaycan-Türkiyə və Ermənistan arasında üçlü formatda bir sıra məsələlərin həlli ilə bağlı perspektivlərdən bəhs edilir. Ankaranın bu məsələdə artan fəallığı nə ilə bağlıdır?

- Biz dəfələrlə bəyan etmişik ki, regionun təhlükəsizlik arxitekturası və xüsusəndə Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə formatında əməkdaşlıqdan, qarşılıqlı əlaqələrin qurulmasından asılıdır. Rəsmi İrəvan Bakı və Ankara ilə münasibətləri normal şəkildə təşkil edə biləcəksə, özünün dövlət kimi inkişafına nail olacaq. Ermənistan özünün yeni konstitusiyasını məhz bu prinsiplər əsasında formalaşdırcaqsa, bu halda onun gələcəyinə təminat yaranacaq. Ona görə də Ermənistan özünə xaricdən dayaq axtarmaq, yenidən Kremlin çətiri altına girməkdənsə, Azərbaycan və Türkiyə ilə normal siyasət formalaşdırmağa çalışmalıdır.

Chosen
15
31
publika.az

10Sources