Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyi Prezident İlham Əliyevlə müzakirə etdiyini bildirib.
Erdoğan bu barədə Türkiyə mediasına verdiyi açıqlamada deyib.
"İlham bəy burada çox diqqətli və tədbirli addım atır. Onun addımları bu məsələni qızışdırmaq məqsədi daşımır. İlham bəyin mənimlə olan söhbətindən anladım ki, bu məsələni yoluna qoyacaqlar", - Türkiyənin TRT kanalı Erdoğandan sitat gətirib.
O, Rusiya və Azərbaycan arasında yaşanan neqativ halların ən qısa zamanda bitəcəyinə ümid etdiyini bildirib.
Erdoğan əlavə edib ki, "əsas hədəf kifayət qədər müharibə və silahlı münaqişələrə səhnə olmuş bölgədə çətinliklə əldə edilən sabitliyi pozan amillərdən qaçmaqdır".
"Gərginliyi yaxından izləyirik və hər iki ölkəni də təmkinli olmağa çağırırıq. Ən böyük arzumuz odur ki, yaşanan hadisələr Rusiya və Azərbaycan arasındakı münasibətlərdə bərpa olunmayan çatlar yaratmasın. Biz iki dostumuzun da bu problemin öhdəsindən gəlmək gücündə olduğunu bilirik. Məsələnin həlli ilə bağlı atılan addımlara dəstək verməyi davam etdirəcəyik", o vurğulayıb.
Rusiya hüquq mühafizə orqanlarının iyunun 27-də Yekaterinburqda etnik azərbaycanlılara qarşı keçirdiyi silahlı əməliyyat zamanı iki azərbaycanlı öldürülüb. Bundan sonra Azərbaycan və Rusiya arasındakı münasibətlərdə gərginlik daha da artıb.