EN

Putin “Rus dünyası” üçün fərman imzaladı: İstənilən ölkəyə...

Rusiya Prezidenti Vladimir Putin “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərman imzalayıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, yeni sənəddə rus dilinin Rusiya Federasiyasının milli sərvəti, ölkənin çoxmillətli xalqını və dünyanın digər xalqlarını birləşdirən mədəni-sivilizasiyalı "Rus dünyasının ayrılmaz hissəsi" olduğu vurğulanır.

Fərmanın məqsədi olaraq aşağıdakılar göstərilir:

• rus dilinin qorunması və inkişaf etdirilməsi;

• onun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi;

• rus dilinin inteqrasiya və vətəndaş həmrəyliyinin aləti kimi rolunun önə çəkilməsi.

Lakin bu sənədin məğzi təkcə dil siyasəti ilə məhdudlaşmır. Fərmanda açıq şəkildə qeyd olunur ki, Rusiya dövləti yalnız öz sərhədləri daxilində deyil, xaricdə də rus dilinin qorunmasını öz üzərinə öhdəlik kimi götürür. Əgər hər hansı ölkədə rus dilinə qarşı “təhdid və ya diskriminasiya halları” baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq.

Artıq bu istiqamətdə konkret mesajlar da verilib. Rusiya xarici işlər nazirliyi İrəvana xəbərdarlıq ünvanlayıb ki, Ermənistanda rus dilinə qarşı hər hansı məhdudiyyətlər olarsa, Moskva buna reaksiya verəcək, sanksiyalar tətbiq edəcək. Oxşar proseslərin Baltik ölkələrində, Moldovada və digər postsovet məkanında da müşahidə olunduğu vurğulanır. Kremlin baxışına görə, bütün bunlar “anti-Rusiya və anti-rus dili siyasəti”nin tərkib hissəsidir.

Ekspertlər bildirirlər ki, Putinin bu fərmanı əslində “Rus dünyası” anlayışını daha geniş geosiyasi sferaya çevirməyə xidmət edir. Beləliklə, istənilən ölkədə rus dilinin vəziyyəti bəhanə edilərək həmin dövlətin daxili işlərinə qarışmağa zəmin yaradılır.

Bu kontekstdə son dövrlərdə Azərbaycanda da cəmiyyətin müxtəlif təbəqələrində rus dilinə münasibətin əvvəlki illərlə müqayisədə xeyli soyuması diqqət çəkir. Bəzi müşahidəçilər hesab edirlər ki, Putinin imzaladığı bu fərman dolayısıyla Azərbaycana qarşı da təzyiq rıçağı yaratmağa xidmət edə bilər.

Chosen
19
5
axar.az

6Sources