EN

Azərbaycan demoqrafik böhranın astanasında: Proses 20 il əvvəl başlayıb

Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Artıq problemlər Milli Məclis səviyyəsində də gündəmə gətirilir. Parlament sədrinin birinci müavini Əli Əhmədov əhalinin artım tempində ciddi zəifləmənin olmasını ciddi problem kimi gündəmə gətirib. Bəs Azərbaycanda bu demoqrafik dəyişikliyin kökündə nə dayanır və ən əsası, qarşısı necə alına bilər?

Coğrafiya institutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov “Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan demoqrafik böhranın astanasındadır: “1995-ci ildən 2004-cü ilə qədər ölkəmizdə doğum göstəricilərində ciddi azalma müşahidə olunub. Bu azalma əsasən Birinci Qarabağ müharibəsinin və həmin dövrdə yaşanan dərin iqtisadi böhranın nəticəsi idi. Ailələrin maddi vəziyyətinin pisləşməsi, sosial rifahın zəifləməsi doğum səviyyəsinə mənfi təsir göstərdi. Bu problemə cavab olaraq, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə demoqrafik siyasətə dair xüsusi dövlət proqramı qəbul olundu. Proqramın tətbiqi nəticəsində müəyyən müsbət irəliləyişlər müşahidə edildi. 2004-cü ildə demoqrafik siyasətə dair növbəti proqram hazırlandı, lakin bu sənəd faktiki olaraq icra olunmadı. Proqramın reallaşmaması nəticəsində onun gözlənilən təsirləri də baş vermədi. Bu gün də həmin proqramın yenilənməsi və tətbiqi aktual olaraq qalır. Əlbəttə, bu cür proqramlar əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir. Qonşu ölkələrin əksəriyyətində demoqrafik inkişafı dəstəkləyən təşviq proqramları həyata keçirilir. Aydın görünür ki, 20 il əvvəl başlayan azalma prosesi bu gün demoqrafik böhran riskini daha da gücləndirib. Bu tendensiyanın davam etməsi gələcək üçün ciddi narahatlıq doğurur”.

“Dəstək proqramlarının hazırlanması zəruridir”

Demoqrafik məsələlər üzrə ekspert deyir ki, pandemiya dövründə də Azərbaycanda təbii artım və doğum göstəricilərində ciddi azalma müşahidə olunub: “Məsələn, 2019-cu ildə doğum sayı 140 mindən artıq idisə, 2020-ci ildə bu rəqəm sürətlə azalaraq 125-126 minə, 2021-ci ildə isə 112 minə düşüb. Bu, son illərdə ən aşağı doğum göstəricisidir. Həmin dövrdə təbii artım cəmi 35 min olub və hər min nəfərə düşən təbii artım g östəricisi doqquzdan 3,5-ə qədər enib. Son illərdə bu rəqəm beşə qədər yüksəlsə də, bu da kifayət qədər aşağı göstəricidir. Müqayisə üçün qeyd olunmalıdır ki, on il əvvəl təbii artım göstəricisi 100 minin üzərində idi, doğumlar isə 170 min civarında olurdu. Hazırda bu rəqəmlər təxminən iki dəfə azalıb. Bu isə uzunmüddətli perspektivdə demoqrafik sabitliyi və ölkənin inkişafını təhlükə altına qoya bilər. Azərbaycanın strateji mövqeyi və inkişaf potensialı nəzərə alınaraq, bu məsələnin dövlət səviyyəsində həll edilməsi və dəstək proqramlarının hazırlanması zəruridir”.

“Ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır”

E.Bədəlovun sözlərinə görə, şəhər əhalisi üzrə doğum göstəricisi xeyli aşağı düşüb: “Əgər ölkə üzrə orta təbii artım göstəricisi hər min nəfərə beş nəfər təşkil edirsə, bu rəqəm şəhər əhalisi üçün 3,5-dir. Kənd əhalisi üzrə isə bu göstərici daha yüksəkdir - təxminən 6,5. Bu fərq kənd yerlərində mədəni və sosial inkişaf səviyyəsinin hələ tam formalaşmaması ilə əlaqədardır. Məsələn, Azərbaycanda ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır. Burada hər min nəfərə təbii artım 14-16 nəfər civarındadır, doğum göstəricisi isə 20-dən yuxarıdır. Bu, bölgədə çoxuşaqlı ailələrin nisbətən çox olması ilə bağlıdır. Rayon iqtisadi baxımdan zəif inkişaf etsə də, görünür ki, bir çox ailə uşaqlara verilən müavinətlə dolanır. Beş və daha çox uşağı olan ailələrə hər bir uşaq üçün dövlət tərəfindən müavinət ayrılır”.

Chosen
244
36
publika.az

10Sources