“Azpetrol” şirkəti Azərbaycanın yanacaq bazarında artıq 28 ildir ki, fəaliyyət göstərir. Neft strategiyasının ayrılmaz hissəsinə çevrilən “Azpetrol” brendi, 28 il ərzində yanacaqdoldurma məntəqələrinin sayını 108-ə çatdırmışdır.
“Аzpetrol” şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni neft strategiyasının məqsədləri isə “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.
Şirkətin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını həyata keçirməkdən ibarətdir və hazırda “Azpetrol” brendi altında Azərbaycanın əksər iqtisadi zonalarında 108 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi Zəfər, şirkətin strateji inkişaf planına yenidən baxılması və əhatə dairəsinin işğaldan azad olunmuş Qarabağ torpağında genişləndirilməsi məsələsini gündəmə gətirdi. “Azpetrol” şirkəti Şuşa, Xankəndi, Cəbrayıl, Əsgəran, Suqovuşan, Hadrut, Ağalı , Xocalı, Füzuli, Zəngilan, Xocavənd, Laçın, Horadiz və Füzuli-Şuşa Zəfər yolunda modul tipli yanacaqdoldurma məntəqələrini istismara vermişdir.
Şirkətin uğurları və nailliyyətləri yerli və beynəlxalq qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. 28 il ərzində “Azpetrol” nümunəvi fəaliyyət, eləcə də, müştərilərə göstərilən yüksək keyfiyyətli xidmətləri ilə fərqlənir. Bundan başqa, “Azpetrol” şirkəti özündə üç istiqaməti - keyfiyyətin idarə olunması sistemini (ISO-9001), ətraf mühitin mühafizəsini (ISO - 14001), əməyin mühafizəsini və təhlükəsizlik texnikasını (İSO-45001) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir və mövcud istiqamətlər əsasında hədəflərinə doğru öz siyasətini icra edir.
“Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllədə açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 108 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neftbazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 128 yanacaq daşıyan avtomobili və minik maşınları üçün avtosahəsi mövcuddur.
Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və elektromobillərin 23 enerji ilə doldurulma postu, 1 hotel, 8 motel və eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma və market) fəaliyyət göstərir. Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda şirkətdə çalışan işçilərin ümumi sayı 3400 nəfərdən çoxdur. “Azpetrol” şirkəti daim inkişaf edir və göstərdiyi xidmətlərin keyfiyyətini və çeşidlərini artırır.
“Azpetrol” - Daim inkişafa doğru!
Ceyhun MƏMMƏDOV,
“Azpetrol Ltd” MMC-nin baş direktoru