EN

Bakıda ASOSAI və ARABOSAI-nın birgə toplantısı davam edir

İyulun 18-də Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) ilə Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra onlar Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Zəfər parkını ziyarət ediblər.

Tədbirin açılışında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ASOSAI və ARABOSAI-nın eyni platformada qarşılıqlı əməkdaşlıq ruhunda bir araya gəlməsi regional əməkdaşlığın gücləndirilməsi, o cümlədən ali audit orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, toplantının gündəliyində yer alan əsas mövzular – “Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid”, eləcə də, “İqlim dəyişikliyinə qarşı mübarizə” zamanın tələblərinə cavab verən aktual və strateji əhəmiyyət daşıyan məsələlərdir: “Həmin sahələrdə effektiv nəticə əldə etmək üçün ilk növbədə maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi zəruridir. Bu kontekstdə ali audit orqanlarının rolu getdikcə artır. Məhz bu cür toplantılar üzv ölkələrin həmin çağırışlara qarşı ortaq mövqe formalaşdırmasına və qabaqcıl yanaşmaların bölüşülməsinə şərait yaradır”.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.

Toplantıda çıxış edən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyini təmsil edən Jorje Antonio De Oliveira Francisko Azərbaycanın iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində təşəbbüslərinin təqdirəlayiq olduğunu, bu kimi platformaların ali audit qurumlarının qarşılıqlı öyrənməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

ARABOSAI-nın sədri Sultan Al-Otaibi isə Azərbaycanın regional əməkdaşlığın gücləndirilməsində rolundan danışıb və ölkəmizin yalnız ev sahibi ölkə kimi deyil, həm də ictimai maliyyə auditi sahəsində regional əməkdaşlığın fəal iştirakçısı və təşəbbüskarlarından biri kimi çıxış etdiyini vurğulayıb.

Hazırda dünyanın iki mühüm çağırışla - iqlim dəyişikliyinə qlobal reaksiya və süni intellektin sürətli inkişafı ilə üz-üzə qaldığını deyən ASOSAI-nın sədri Krişnan Sanqaran Subramanian isə iqlim dəyişikliyi və süni intellektin auditlərin gündəliyinə daxil edilməsinin vacibliyini qeyd edib.

Tədbir təqdimatlarla davam edir.

Chosen
101
38
xalqqazeti.az

10Sources