EN

Bu ölkədə yeniyetmələrin 72 faizi süni intellekt dostları iləsöhbət edir

ABŞ-də aparılan yeni bir araşdırma göstərib ki, 13-17 yaş arası yeniyetmələrin 72 faizi süni intellekt dəstəkli söhbət botlarından ən az bir dəfə istifadə edib.

Redaktor.az xəbər verir ki, araşdırmanı uşaqlar üçün media və texnologiya sahəsində fəaliyyət göstərən "Common Sense Media" qeyri-hökumət təşkilatı aparıb. Sorğuda 1060 yeniyetmə iştirak edib.

Araşdırmaya əsasən, hər iki yeniyetmədən biri bu texnologiyalarla mütəmadi olaraq ünsiyyət qurur. “Character.AI”, “Replika” və “Nomi” kimi platformalarda təqdim edilən bu botlar "süni intellekt dostları" adlanır və əsas məqsədləri istifadəçi ilə emosional bağ qurmaqdır.

Sorğuda iştirak edənlərin 30 faizi bu sistemləri əyləncəli hesab etdikləri üçün istifadə etdiklərini bildirib. 28 faiz isə texnologiyaya maraq səbəbilə bu təcrübəyə yönəlib. Qeyd olunmalı məqam isə budur ki, yeniyetmələrin üçdə biri bu botlarla ciddi mövzularda danışmağa üstünlük verir.

Bundan əlavə, iştirakçıların 24 faizi sistemlə real ad və yerləşmə kimi şəxsi məlumatlarını paylaşdıqlarını qeyd edib. 34 faiz isə söhbət zamanı narahatlıq doğuran vəziyyətlə qarşılaşdığını desə də, bu hallar ümumi istifadəçilər arasında nisbətən azdır.

Araşdırma nəticələrinə görə, yeniyetmələrin yarısı süni intellektin verdiyi məsləhətlərə etibar etmir. Lakin yaş fərqləri də təsir göstərir — 13-14 yaş qrupu bu məsləhətlərə 15-17 yaş qrupuna nisbətən daha çox inanır.

Buna baxmayaraq, gənclərin əksəriyyəti insanlarla qurulan münasibətləri süni intellektlə söhbətlərdən daha məmnunverici hesab edir. Sorğuda iştirak edənlərin 80 faizi vaxtlarının çox hissəsini real dostları ilə keçirdiklərini bildirib.

Araşdırmanı aparan təşkilat hesab edir ki, təhlükəsizlik tədbirləri artırılmadığı halda bu cür sistemlər 18 yaşdan aşağı istifadəçilər üçün uyğun deyil. Təşkilatın yaydığı hesabatda qeyd olunur:“Şirkətlər keçmişdə dəfələrlə uşaqların maraqlarını nəzərə almadan gəlir əldə etməyə çalışıblar. Süni intellekt sistemlərində eyni səhvə yol verə bilmərik.”

Common Sense Media bu səbəbdən həm hüquqi, həm də texnoloji tənzimləmələrin təcili şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır.

Nuriyyə NATİQQIZI

Chosen
27
50
redaktor.az

10Sources