Qazaxıstanın Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin yeni inzibati binasinda Azərbaycan Republikasının Sədrliyi ilə Müşavirənin Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib.
APA xəbər verir ki, bu baradə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Komitənin iclası çərçivəsində AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Bu kontekstdə, Azərbaycan Respublikasının “Daha güclü AQEM: rəqəmsallaşma, əlaqəlilik və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM-də sədrliyi çərçivəsində aktiv fəaliyyəti, həyata keçirilən və praktiki nəticəyə yönəlmiş təşəbbüsləri üzv dövlətlər tərəfindən təqdir olunub.
AQEM-in institusional gücləndirilməsi, sahəvi əməkdaşlığın və etimad quruculuğu tədbirlərinin səmərəliliyinin artırılması və AQEM-in beynəlxalq təşkilatlar ilə əməkdaşlığı istiqamətində Sədrliyin prioritetlərinin icrasında əldə edilmiş nailiyyətlər nəzərdən keçirilib və son 7 ay ərzində Azərbaycanın AQEM-də Sədrliyi zamanı atılan addımlar yüksək qiymətləndirilib.
Tədbirdə ətraf mühit ölçüsü üzrə etimad tədbirlərinin illik icrası nəzərdən keçirilib. Üzv dövlətlər AQEM məkanında dayanıqlı inkişafın təmin olunması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş tədbirlər barədə məlumat verilib. Azərbaycanın COP29 sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr təqdir olunub.
Komitənin iclasında, həmçinin, Sədrliyin təşəbbüsü ilə irəlilədilən AQEM-in Qadınlar Şurası və Maliyyə Sammitinin təsisi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.


