EN

“Dövlət başçısının fikirləri strateji baxışı əks etdirir” – Sadiq Qurbanov

"İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü mühüm əhəmiyyət kəsb edir".


"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov deyib.

Millət vəkili qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın beynəlxalq mediada artan nüfuzunu və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Onun sözlərinə görə, Forumun yüksək səviyyədə təşkili ölkəmizin informasiya, diplomatiya və texnologiya sahələrindəki inkişafını açıq şəkildə ortaya qoyur.

Deputat vurğuladı ki, Bakı Qlobal Media Forumu təkcə müzakirə platforması deyil, həm də beynəlxalq media ictimaiyyəti üçün strateji əməkdaşlıq məkanıdır. Forum çərçivəsində informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, medianın qlobal çağırışlara münasibəti kimi mühüm məsələlər peşəkar müstəvidə müzakirə olunur.

Sadiq Qurbanov diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin forumdakı çıxışı medianın müasir dövrdəki rolu və gücünün nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, dövlət başçısının fikirləri informasiya siyasətinə yalnız texniki yanaşmanı deyil, eyni zamanda milli mövqeyin müdafiəsi və informasiya suverenliyinin qorunması istiqamətində strateji baxışı əks etdirir.


Komitə sədri vurğuladı ki, ictimai rəyin formalaşmasında medianın rolu əvəzolunmazdır və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında peşəkar media həlledici amildir. O bildirdi ki, bu, sadəcə informasiya vermək deyil, həm də milli mövqeyin, siyasi və mədəni suverenliyin informasiya müstəvisində müdafiəsidir.
 

Sadiq Qurbanov xatırlatdı ki, Prezidentin “bəzən müdafiə, bəzən hücum” prinsipini önə çəkməsi, Azərbaycan mediasının passiv xəbər daşıyıcısından aktiv informasiya gücünə çevrildiyini göstərir. O qeyd etdi ki, medianın hücum taktikası – yəni faktlara əsaslanan, təşəbbüskar informasiya çıxışları – milli maraqların beynəlxalq səviyyədə daha dolğun müdafiəsinə şərait yaradır.

Prezidentin çıxışında dezinformasiyaya qarşı mübarizə xüsusi yer tutur. O bildirdi ki, sosial şəbəkələrdə yayılan yalan informasiyalar təkcə cəmiyyətə deyil, dövlətlərin sabitliyinə də təhdiddir və bu kontekstdə milli medianın obyektiv və məsuliyyətli fəaliyyəti vacibdir.


Komitə sədri vurğuladı ki, çıxışda müstəqil jurnalistikanın beynəlxalq inteqrasiyada rolu da qabardılıb. Prezident qeyd etdi ki, media xalqlar arasında anlaşma və əməkdaşlıq mühitinin qurulmasında vasitəçi funksiyasını yerinə yetirir və Azərbaycan jurnalistikasının beynəlxalq nüfuzunun artması həm milli, həm də qlobal miqyasda əhəmiyyət daşıyır.

Sadiq Qurbanov yekun olaraq bildirdi ki, Prezidentin çıxışı Azərbaycan mediasına verilən dəyərin və etimadın bariz nümunəsidir. Bu çıxış jurnalistlər üçün informasiya cəbhəsində daha məsuliyyətli və fəal mövqe tutmağa çağırışdır.

Deputat vurğuladı ki, bu günkü mürəkkəb informasiya savaşlarında qələbə yalnız hərbi güclə deyil, faktlara əsaslanan doğru söz, prinsiplər və milli ruhla mümkündür. Forum çərçivəsində jurnalistlərin ünvanladığı suallara verilən cavablar şəffaflıq və strateji baxışlarla seçilirdi. Prezidentin faktlara söykənən, prinsipial cavabları, informasiya siyasətinə verilən önəmi bir daha təsdiqlədi.

Sadiq Qurbanov sonda bildirdi ki, Bakı Qlobal Media Forumu və cənab Prezidentin bu forumdakı çıxışı medianın strateji güc kimi qəbul edildiyini və Azərbaycanın qlobal informasiya müstəvisində söz sahibi olduğunu aydın şəkildə ortaya qoydu.

"AzPolitika.info"

Chosen
58
8
qaziler.az

10Sources