AZ

Paşinyanın Qarabağı sülh danışıqlarına daxil etmək cəhdləri necə iflasa uğradıldı... Tarix açılır...


Əli Orucov: “Erməni tərəfinin gözləntiləri boşa çıxdığı üçün bu məsələ gündəlikdən çıxarıldı

“İki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi”.

Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında bildirib.

Ölkə başçısının sözlərinə görə, o zaman müharibə bitmişdi və bir boşluq var idi: “Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı”.

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır.

“O zaman Ermənistan ümid edirdi ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı sərt qətnamə qəbul edəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Ermənistanın “Dağlıq Qarabağ” məsələsini danışıqlara daxil etmək cəhdləri bir sıra amillərlə bağlı idi: “Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin etsək də, Qarabağ üzərində tam nəzarətimiz bərpa olunmamışdı. Orada həm silahlı separatçılar, həm də Ermənistan ordusu müəyyən ərazilərə nəzarət edirdi. Üstəlik, vəziyyəti mürəkkəbləşdirən digər amil Rusiya ordusunun “sülhməramlı” adı altında Qarabağa yerləşməsi idi. Ermənistan rəhbərliyi hesab edirdi ki, Qarabağda rus ordusu olduğu üçün Azərbaycan növbəti hərbi əməliyyatlara cürət etməz. Çünki o zaman Rusiya elə görüntü yaradırdı ki, onlar daimi olaraq orada olacaqlar. Heykəl qoyurdular, kilsə tikirdilər və s. Ermənistan hakimiyyəti də bu amildən sui-istifadə edərək “Dağlıq Qarabağ” məsələsini sülh sazişi mətninə daxil etməyə çalışırdı. Azərbaycanın 19 sentyabr 2023-cü ildə başladığı bir günlük antiterror əməliyyatları çərçivəsində Qarabağda suverenliyini tam bərqərar etməsi situasiyanı dəyişdi. Məhz həmin əməliyyatlardan 2 həftə sonra oktyabrda Ermənistan baş naziri Nikol Paşinyan Praqada bəyan etdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Danışıqlarda müəyyən fasilə yarandı. Ermənistan ümid edirdi ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı sərt qətnamə qəbul edəcək. Ancaq onların bu gözləntisi də özünü doğrultmadı. Bütün bunlardan sonra rəsmi İrəvan sülh sazişi mətninə “Dağlıq Qarabağ” məsələsinin salınmasından imtina etdi. Deməyim odur ki, erməni tərəfinin gözləntiləri boşa çıxdığı üçün bu məsələ gündəlikdən çıxarıldı”.

Vidadi ORDAHALLI

Seçilən
37
17
baki-xeber.com

10Mənbələr