Ramil Məmmədli: “Prezident Əliyevin Tramp barəsində səsləndirdiyi fikirlər gerçəkliyə əsaslanır”
“Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı”. Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, Donald Tramp müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir: “Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin, Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun. Hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq”.
“Tramp birinci prezidentliyi dövründə (2017-2020) hər il səlahiyyətlərindən istifadə edərək 907-ci Düzəlişi dondurub”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Prezident Əliyevin Tramp barədə səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Əvvəla, Tramp Azərbaycana qarşı, el dili ilə desək, pis olmayıb. 44 günlük Vətən müharibəsi dönəmində ABŞ Prezidenti Tramp idi. O zaman Birləşmiş Ştatlar kimi fövqəldövlətin prezidenti istəsəydi, prosesə mane ola bilərdi. Nəticədə ölkəmiz üçün bir sıra problemlər yarana bilərdi. Ancaq Tramp bunu etmədi. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğuna önəm verdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə ABŞ-da seçki kampaniyasının qızğın vaxtı idi. Tramp Ermənistanın tərəfini tutsaydı, çox güman, erməni əsilli seçicilərin hamısı olmasa da, bir hissəsi ona səs verərdi. Ancaq Tramp buna getmədi. Bir məqamı xüsusi qeyd edim ki, Tramp birinci prezidentliyi dövründə (2017-2020) bədnam 907-ci Düzəlişin işləməsinə imkan verməyib. Hər il səlahiyyətlərindən istifadə edərək 907-ci Düzəlişi dondurub. Trampın birinci prezidentliyi dövründə - 2018-ci ilin oktyabrında müşaviri Con Bolton Cənubi Qafqaza səfər edərək, Ermənistanı işğal edilmiş Qarabağı tərk etməyə çağırıb. Düzdür, Ermənistan hakimiyyəti xoşluqla buna əməl etmədi, amma hər halda, Trampın dövründə belə bir çağırış olub. Bütün bunlar onu deməyə əsas verir ki, Trampın prezident seçilməsi Azərbaycanın maraqlarına bütün mənalarda uyğun idi. Çünki Bayden administrasiyası bütün dəyərlərə tüpürərək, açıq şəkildə işğalçı Ermənistanın yanında durdu. Azərbaycanın regionda və Avropa üçün önəmini görməzdən gəldi. Tramp isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşməsində maraqlıdır və bunu açıq dilə gətirir. Çünki Tramp praqmatik siyasətə önəm verir. Bu baxımdan Prezident Əliyevin Tramp barəsində səsləndirdiyi fikirlər gerçəkliyə əsaslanır”.
Vidadi ORDAHALLI