EN

Politoloq: “Azərbaycan sülhün tərəfdarıdır”

Xəbər verdiyimiz kimi, Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda ukraynalı tanınmış jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevə maraqlı sual ünvanlayıb.

Jurnalist, “Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”, deyib. 

Dövlət başçısı isə cavabında, “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”, deyə bildirib.

Prezident İlham Əliyevin Ukraynaya ünvanladığı “Heç vaxt işğalla barışmayın” mesajı Rusiyanın təbliğat mediasında ciddi narahatlıq doğurub.

Həmçinin, Azərbaycanın Qroznı səmasında AZAL təyyarəsinin vurulması ilə bağlı beynəlxalq məhkəməyə təqdim etmək üçün sənədlər hazırlaması rus mediayası tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Rusiya təbliğatçıları açıq şəkildə Azərbaycana qarşı təhdidlər səsləndirir, ölkəmizi “NATO-nun forpostu” və “Rusiyaya düşmən ölkə” kimi təqdim etməyə çalışırlar.

Bir sözlə, Kremlə yaxın təbliğat kanalları ölkəmizə qarşı açıq şovinizm nümayiş etdirir. 

Bəs Rusiya mediası nəyə görə Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan mövqeyini bu qədər aqressiya ilə qarşılayır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan heç vaxt işğalla barışmayıb və barışmayacaq.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində əvvəlki illərlə müqayisədə ciddi fərqlər müşahidə olunur:

“Bildirim ki, 10-15 il əvvələ nəzər salsaq, Azərbaycan və Rusiya münasibətlərində kifayət qədər pozitiv fon müşahidə olunurdu. Bakı ilə Moskva arasında yüksək səviyyəli dialoq mövcud idi.

Düzdür, rəsmi Moskva Qarabağ məsələsində Ermənistanın tərəfini verməsə də, amma ikitərəfli münasibətlər çərçivəsində biz kifayət qədər uğurlu siyasət aparırdıq və müəyyən nəticələr əldə edirdik.

Buna baxmayaraq, Rusiyanın media məkanında daim Azərbaycanla bağlı yalan, böhtan xarakterli məlumatlar, feyk xəbərlər yayılırdı, bu da təsadüfi deyildi. Çünki Rusiyanın daxilində həm güclü erməni diasporu fəaliyyət göstərir, həm də müxtəlif erməni təşkilatları mövcuddur. Bundan əlavə, Rusiyada erməni icmasına, lobbişiliyə maraqlı, ermənipərəst qüvvələr və siyasətçilər də kifayət qədərdir.

Məsələn, Azərbaycana qarşı qərəzli bəyanatlar verən Nikolay Platoşkin, Konstantin Zatulin, Vitali Milonov kimi şəxslər daim ölkəmizə qarşı əsassız ittihamlar irəli sürürlər. Halbuki işğalçı Ermənistan idi. Azərbaycan isə 30 ilə yaxın bu işğalla barışmadı”.

Tofiq Abbasov qeyd edib ki, hazırda Azərbaycana qarşı müəyyən dairələr tərəfindən planlı şəkildə təzyiqlər artırılır:

“Hazırda da həmin qüvvələr hələ də özünəməxsus səfərbərlik halındadır, cəhd edirlər ki, sıralarını genişləndirib Azərbaycana qarşı hücumlarını, psixoloji təzyiqləri, təbliğat və saxta məlumat axınını daha da artırsınlar. 

Eyni zamanda, cəmiyyətimizdə bədgümanlıq formalaşdırmağa çalışırlar. Yəni psixoloji cəhətdən bizə təzyiqlər göstərsinlər. Biz artıq bu mərhələlərdən keçmişik, yaxşı bilirik ki, dostumuz və düşmənimiz kimdir, kimlə tərəfdaşlıq etməliyik.

Bu gün Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlik bizim deyil, məhz Rusiya tərəfinin yanlış mövqeyi və fəaliyyəti nəticəsində yaranıb. Azərbaycan həmişə bildirib ki, bütün anlaşılmazlıqları dinc yolla aradan qaldırmağa hazırıq. 

Təəssüf ki, Rusiya tərəfinin rəsmi nümayəndələri, Peskov, Zaxarova və başqaları nisbətən neytral, hətta deyərdim bəzən barışdırıcı mövqe sərgiləsələr də, onların fonunda Rusiya mediası qeyri-peşəkar şəkildə, tamamilə əsassız məlumatlar yazırlar. 

Onların bəziləri ilk növbədə peşəkarlıqdan uzaq yazılardır, qondarma jurnalistlərdir. Klassik jurnalistika normalarına riayət etmir, jurnalistikanı təbliğat maşınına çevirirlər ki, bu da yolverilməzdir.

Prezident İlham Əliyev Şuşa Forumunda da vurğuladı ki, bu çox təhlükəli tendensiyadır və qarşısı alınmalıdır. Jurnalistikanın öz prinsipləri, dəyərləri var və onlardan uzaqlaşmaq olmaz. Biz isə bu prinsiplərə daim sadiqik.

Bəli, bizə hücum edirlərsə, təbii ki, cavab veririk və verəcəyik. Amma Rusiya mediasında bizə qarşı böhtanlar yazanlar bilməlidirlər ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan sülhün tərəfdarıdır:

“Əgər problem yaranıbsa, bunun səbəbkarı Rusiya tərəfidir. Ona görə də deyirik ki, ilk növbədə bizi məlumatlandırsınlar, təyyarə qəzası niyə baş verdi, günahkarlar kimlərdir, kompensasiya veriləcək ya verilməyəcək, hansı formada həll ediləcək?

Son günlər biz açıq şəkildə görürük ki, bəzi dairələr süni şəkildə gərginlik yaratmağa çalışır, ikitərəfli münasibətlərə kölgə salmaq istəyirlər. Biz qanunsuz addımlara getmirik, lakin Rusiyada azərbaycanlılara qarşı təzyiqlər, təqiblər başlayıb və biz bununla razılaşa bilmərik.

Əgər kimsə münaqişə istəyirsə, bu onların seçimidir. Azərbaycan isə sülh, dialoq tərəfdarıdır. Rusiya tərəfi kifayət qədər monoloqdan istifadə edib, artıq dialoq vaxtıdır”.

Chosen
26
50
cebheinfo.az

10Sources