EN

Beynəlxalq təşkilatlar Ağ Ev görüşünə necə reaksiya VERDİLƏR? – ARAŞDIRMA

Məlum olduğu kimi, avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycan diplomatiya tarixinə qızıl hərflərlə yazıldı.

Görüşdə Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalandı. Bundan əlavə, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni paraflandı və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini imzaladılar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistanı təbrik edən ÖLKƏLƏR - SİYAHI


Bütün bunlar isə faktiki olaraq Azərbaycanın sülh gündəliyinin təsdiq edilməsi idi.

Vaşinqton görüşü təkcə region ölkələrinin deyil, bütün dünyanın diqqət mərkəzində idi. Bunun nəticəsidir ki, dünyanın bir sıra nüfuzlu təşkilatları Ağ Evdə əldə olunan razılaşmalara dəstəklərini ifadə etdilər.

Avropa İttifaqı Vaşinqton görüşünü yüksək qiymətləndirir

Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi görüşü “hərarətlə qarşılayıb”, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasını alqışlayıb. Təşkilatın saytında yerləşdirilən açıqlamada qeyd olunub ki, Prezident Trampın Ağ Evdə iştirakı ilə Birgə Bəyannamənin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün böyük inkişafdır, hər iki ölkə üçün və bütün regionda davamlı, davamlı sülhə yol açır.

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen müştərək bəyanatla Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb. Antonio Koşta və Ursula von der Leyen hadisənin uzunmüddətli sülhə yol açacağını vurğulayıb. Bundan başqa, Avropa İttifaqının regionda sülh və inkişaf naminə normallaşma prosesini dəstəkləməyə davam edəcəyi vurğulanıb.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın bəyanatında bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Prezident Trampın iştirakı ilə əldə olunan razılaşmalar onilliklər boyu davam edən münaqişəni sonlandırmaq baxımından mühüm hadisədir: “Biz hər iki tərəfi və ABŞ Administrasiyasını fürsətdən istifadə edib irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bölgəni davamlı sülhə və firavanlığa daha da yaxınlaşdıran tarixi addım münasibətilə tərəfləri təbrik edib. Qronu bunu cəsarətli liderlik və uzunmüddətli baxış kimi qiymətləndirib.

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh sazişinin paraflanması münasibətilə təbrik edib, bunu davamlı sülh və sabitlik yolunda həlledici addım hesab etdiyini bəyan edib. Aİ rəsmisi Azərbaycan və Ermənistana qarşıdakı səfərini səbirsizliklə gözlədiyini vurğulayıb, normallaşma prosesini və regional əlaqəni dəstəkləməyə hazır olduğunu bildirib.

Avropa Şurasından dəstək mesajları

Avropa Şurasının Baş katibi Alain Berset Vaşinqtonda Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün razılaşdırılmış mərhələni alqışlayıb və dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rousopoulos da ABŞ-ın himayəsi altında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sülh sazişini səmimiyyətlə alqışladığını vurğulayıb. O, eeyd edib ki, AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını dəstəkləyib, bu sazişin möhkəmləndirilməsi mərhələlərini müşayiət etməyə və qarşılıqlı etimadı gücləndirməyə hazırdır.

NATO əməkdaşlığa davam edəcək

NATO da Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayıb. NATO mətbuat katibi Allison Hartın sosial şəbəkə hesabındakı bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişdən məmnundurlar. Bəyanatda Prezident Trampa sülh üçün çalışdığına görə təşəkkür edilir, bunun regional təhlükəsizlik və normallaşma prosesi üçün mühüm bir addım olduğu vurğulanır. Vurğulanır ki, NATO tərəfdaşları olan Azərbaycan və Ermənistanla işləməyə davam edəcəklər.

NATO-nun Avstriya, Ukrayna, Kosovo, Bosniya, Aİ üçün genişlənməsi üzrə Avstriya Komitəsinin rəhbəri Gunther Fehlinger-Jahn Ermənistanı və Azərbaycanı NATO-ya üzv olmağa çağırıb, regionda sülhü Rusiya və İran müqavimətinə qarşı yalnız NATO-nun təmin edə biləcəyini vurğulayıb.

TDT Minsk qrupunun ləğvinin tərəfdarıdır

Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omuralievin bəyanatında da Birgə Bəyannamənin imzalanması yüksək qiymətləndirilir. Kuban Omuraliev bəyan edib ki, təşkilat “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasının qətiyyətlə tərəfdarıdır.

Qeyd olunur ki, bu tarixi inkişaf Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir.

ATƏT Minsk qrupu ilə bağlı razılaşmanı dəstəkləyəcək

ATƏT Baş katibi Feridun Sinirlioğlu Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp tərəfindən 8 avqustda imzalanan Birgə Bəyannaməni alqışlayıb. O, sənədin regionda sülhə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

ATƏT Parlament Assambleyasının (PA) Prezidenti və Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndə Luis Qrasa və Roberto Montello Vaşinqtonda imzalanan Birgə Bəyannaməni tarixi irəliləyiş adlandırıb və onun Cənubi Qafqazda davamlı sülhə yol açacağına inandıqlarını vurğulayıblar.

ATƏT PA Prezidenti Pere Joan Pons Sampietro bu ay Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunduğunu xatırladaraq, Ermənistan və Azərbaycanın imzaladığı Birgə Bəyannaməni də tarixi hadisə kimi dəyərləndirib. O, bu sənədin ortaq və daha yaxşı gələcək üçün sülhə xidmət etdiyini qeyd edib.

BMT də sülh yönündə addımları alqışlayır

BMT Baş katibinin sözçüsü  Ermənistan və Azərbaycan arasında imzalanmış “Birgə Bəyannamə”ni iki ölkə münasibətlərinin normallaşması istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.

BMT Baş katibi Antonio Quterreş isə “X” hesabından etdiyi paylaşımda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın davamlı dialoq və etimad quruculuğuna sadiqliyini alqışlayıb, ABŞ Prezidenti Donald Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. O, BMT-nin Cənubi Qafqazda davamlı sülhün təşviqinə yönəlmiş bütün təşəbbüslərə güclü dəstəyini təsdiqləyib.

Bundan əlavə, Böyük Britaniyanın Xarici, Birlik və İnkişaf məsələləri üzrə dövlət katibi, parlament üzvü David Lemi Ermənistan və Azərbaycanın Vaşinqtonda atdığı cəsarətli sülh addımlarını təqdir edib. O, bu irəliləyişin əldə olunmasında Donald Trampın mühüm rolunu vurğulayıb və Böyük Britaniyanın Cənubi Qafqazda sülh prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Bu cür müsbət reaksiyalar nə ilə bağlıdır?

Qeyd olunan bəyanatlardan da göründüyü kimi, beynəlxalq təşkilatlar Vaşinqton görüşünü yüksək qiymətləndirərək, Ağ Evdə əldə olunan nəticələri alqışlayırlar. Bu isə onu göstərir ki, sözügedən razılaşmalar təkcə Cənubi Qafqaz regionu üçün deyil, daha böyük miqyasda strateji əhəmiyyətə malikdir.

Ələxüsus da, Zəngəzur dəhlizinin açılması bütün Avrasiya üçün böyük önəm kəsb edir. Çünki bu marşrut beynəlxalq logistika zəncirinin əsas halqalarından birini təşkil edəcək və onlarla ölkə bu kommunikasiyalardan faydalanacaq.


Digər diqqətçəkən məqam isə, ATƏT tərəfindən Ağ Evdə imzalanan Birgə Bəyannamənin dəstəklənməsidir. Yəni, ATƏT də Birgə Bəyannamənin sülhə xidmət etdiyini qeyd etməklə Minsk Qrupunun ləğvi məsələsinə qarşı olmadığını göstərmiş oldu.

Bütün bunları nəzərə aldıqda, Ağ Ev görüşünün nə qədər böyük tarixi əhəmiyyət kəsb etdiyini aydın şəkildə görmək mümkündür.

Bizim.Media-nın analitik qrupu

Chosen
97
6
bizim.media

10Sources