Bakı, 11 avqust, AZƏRTAC
Möhtəşəm və şərəfli günlər yaşayırıq. Amerika Birləşmiş Ştatlarında təşkil edilən və zəmanəmizin ən böyük siyasi hadisəsi hesab oluna bilən Azərbaycan ilə Ermənistan arasında razılşama sənədinin imzalaması tək ölkəmiz üçün deyil, bütövlükdə Cənubi Qafqazdan ötrü yeni səhifə açıb. Ola bilər ki, qısqanclıqla bağlı bu, kiminsə xoşuna gəlməsin. Amma şübhə etmirəm ki, bizi istəyənlər də, istəməyənlər də artıq başa düşürlər ki, bu düşünülmüş və cəsarətli addım atılmalı idi. Bu siyasi addımı 44 gündə Zəfər tarixini yazan Azərbaycan Prezidenti İlham Əliyev atdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar, professor Elbay Qasımzadə səsləndirib.
O bildirib ki, 30 il müxtəlif xoş sözlər deyə-deyə diqqətimizi yayındırmağa, bizi aldatmağa cəhd edənlər istəklərinə nail ola bilməyiblər: “30 il əvvəl Azərbaycan acınacaqlı vəziyyətdə idi. Bir tərəfdən düşmən, o biri tərəfdən ölkəni daxildən dağıtmaq cəhdləri. Əlbəttə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, çox güman ki, biz bugünkü Azərbaycanı görməzdik. Ümummili Lider Heydər Əliyev öz əzəməti, təcrübəsi, milli qüruru ilə Azərbaycanı xilas etdi və ağır dövrünü yaşayan xalqımız çətinliklərdən üzü ağ çıxdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Ordunun qüvvətləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi ilə Qələbənin yollarını axtardı. 2020-ci ildə Azərbaycanın düşmən üzərində möhtəşəm Qələbə qazanması bunun nəticəsi oldu. Bununla da, qeyrətimizi, namusumuzu, tapdalanmış torpaqlarımızı qaytardı. Vətən yolunda qan tökmüş oğullarımızın, təhqir edilmiş qızlarımızın qisasını aldı. Tam qürurla azad edilmiş torpaqlarımızın bərpasına başladı. Bununla da, bütün dünyaya göstərdi ki, biz heç kəsi gözləmək fikrində deyilik. Biz torpaqlarımızı almışıq və indi həyata qaytarırıq. Ermənilər vaxtilə zəbt etdikləri torpaqlarda bir məktəb, xəstəxana belə tikməmişdilər. Çünki bilirdilər ki, bu torpaqlar onlara məxsus deyil, çıxıb gedəcəklər. Yalnız 19 kilsə tikdilər, özü də harada? Ermənilərin heç vaxt yaşamadıqları ərazilərdə. Həmçinin Xankəndində bir neçə eybəcər, heç nəyə oxşamayan ictimai binalar tikdilər. Nəhayət, bunlar hamısı təmizləndi”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.
Elbay Qasımzadə vurğulayıb ki, bu işlərlə yanaşı, dövlətimizin başçısı son nöqtəyə yaxınlaşmaq istiqamətində fəaliyyət göstərib. “Müxtəlif təkliflər, variantlar var idi. Canfəşanlıq edənlər çox idi. Amma bu çətin yolda irəliləmək üçün özümüzə dost seçə biləcəyimiz çox az idi. Bu seçimi də Prezident İlham Əliyev özü etdi. Bu, Müzəffər Ali Baş Komandanın müdrik siyasəti və cəsarəti sayəsində oldu”, - deyə o bildirib.