AZ

ABŞ Prezidenti 33 illik ədalətsizliyə son qoydu

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresinin Azadlığa Dəstək Aktına ediyi 907-ci düzəliş, əslində, həmin vaxt Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizlik idi. Həmin düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan eməklə ölkəmizi Ermənistanın qarşısında zəiflətməyə və təcavüzə dəstək verməyə yönəlmişdi.

Bu ədalətsizlik o zaman edilmişdi ki, Qərbi Azərbaycandan – indiki Ermənistandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və ölkə böyük bir qaçqın və məcburi köçkün axını ilə üzbəüz qalmışdı. Ən pisi də o idi ki, bu düzəliş sonralar vaxtaşırı Azərbaycana qarşı təsir vasitəsi kimi də istifadə edilmişdi.

Heç şübhəsiz, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Vaşinqtonda keçirilən görüşlər, sərgilənən davranışlar, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının tarixi uğuru olmaqla yanaşı, həm də dövlət başçımızın siyasi iradə və qətiyyətinin təntənəsi oldu. Bu səfərin detallarını hələ uzun müddət beynəlxalq siyasətçilər incələyəcək, təhlil ediəcək, öyrənəcəklər.

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan Ordusunun, xalqının və dövlətinin 44 gün ərzində döyüş bölgəsində qazandığı Zəfəri siyasi müstəvidə bir daha təkrar etdi. O, 44 gün ərzində beynəlxalq aləmə ədalətli müharibə aparmaq təcrübəsi göstərmişdi, indi də dünyaya ədalətli sülh dərsi verdi.

Azərbaycan–ABŞ münasibətlərində keçmişin xoşagəlməz mirası olan 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidentinin Azərbaycan lideri ilə görüş çərçivəsində qərar verməsi bu səfərin mühüm uğurları sırasındadır. Təsadüfi deyil ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirdi. O bildirdi: “Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu”.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişi ləğvi ilə bağlı bir incə məqamı da qeyd etdi: “Bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunu məhz öz ofisində mənim iştirakım ilə etməsi böyük bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.

Beləliklə, ABŞ Prezidenti bu hərəkəti ilə uzun müddət Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş dövlət və siyasət adamlarına da lazımi mesajını vermiş oldu.

Əziz ƏLƏKBƏRLİ,Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
4
xalqqazeti.az

10Mənbələr