EN

Azərbaycanın sülh gündəliyinin təsdiqi

Müharibədə qələbə, diplomatiyada qələbə!

Avqustun 8-dən 9-na keçən gecədə okeanın o tayında - Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Elə bir tarix ki, bu günümüz və gələcəyimiz üçün müstəsna önəm daşıyır. Dünyanın bir nömrəli ofisində aparılan müzakirələr, imzalanan sənədlər, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğurudur. Baş verənlər Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirməklə ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə necə düzgün, uğurlu yol keçdiyini, üzləşdiyi çərtinliklərə, haqsızlıqlara, ikili standartlara baxmayaraq, özünü təsdiqlədiyini, ümummilli hədəflərinə, sülh istəyinə doğru inamlı addımlar atdığını əyani şəkildə təsdiqlədi.

Azərbaycan - ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Dünyanın bir nömrəli gücü sayılan ABŞ-la strateji tərəfdaşlığa nail olmaq istənilən ölkənin marağındadır. Ancaq heç də bütün ölkələr bu istəklərinə nail ola bilmirlər. Respulikamıza gəldikdə isə mənzərə fərqlidir. Belə ki, Azərbaycan və ABŞ-ın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyəti həm Prezident İlham Əliyev, həm də ABŞ-?n yeni administrasiyası səviyyəsində təsdiqlənib. Bu, respublikamızın ABŞ ilə əməkdaşlığa böyük önəm verdiyi kimi, Ağ Evin yeni administrasiyasının da respublikamızın  Cənubi Qafqazın lider dövləti olmasını yüksək dəyərləndirməsinin ifadəsidir.

Burada bir qədər keçmişə ekskurs etmək yerinə düşər. Ağ Evin əvvəlki rəhbərliyinin - Bayden-Blinken administrasiyasının məqsədi Azərbaycanı qaralamaq, gözdən salmaq idi. Ordumuzun 2023-cü ilin sentyabr ayında keçirdiyi uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycandan Vaşinqtona rəsmi nümayəndə heyətlərinin səfərlərini təxirə salmışdılar. Hətta respublikamıza qarşı sanksiyalar barədə düşünənlər də var idi. Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətini itirmədi, milli maraqlarından bir addım də geri çəkilmədi.

Ağ Evin yeni administirasiyasının isə haqq-ədalət, beynəlxalq hüquq mövqeyindən çıxış edən, özünün milli maraqlarını və suverenliyini qətiyyətlə qoruyan Azərbaycana münasibəti fərqlidir. Bunu D.Trampın ifadə etdiyi fikirlər də əyani şəkildə təsdiqləyir. “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”, - deyə onun Azərbaycan Prezidentinə ünvanladığı məktubda vurğulanıb.

Belə səmimi münasibətin davamı olaraq Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Strateji əməkdaşlıq çərçivəsində iki ölkə arasında enerji dialoqu davam edəcək. Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. Azərbaycan özünün enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-ın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndir.

Azərbaycan Prezideninin ABŞ-a işgüzar səfəri çərçivəsində isə dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Yaxşı haldır ki, Azərbaycanla ABŞ arasında ötən əsrin doxsanıncı illərindən başlayan enerji əməkdaşlığı perspektivdədə davam etdir?ləcək. Memorandumun imzalanması o anlama gəlir ki, ABŞ-da Azərbaycanın ədalətli enerji siyasəti yüksək dəyərləndirlir və ölkəmizlə əməkdaşlığn davam etdirlməsinə böyük maraq göstərilir.

Azərbaycan Prezidentinin səfəri həmçinin iki ölkənin prezidentləri arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar olub. Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktı qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan  Azadlığa dəstək Aktına 907-ci düzəliş adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb. Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.

Artıq bu bədnam sənəd də tarixin toz basmış arxivinə göndərilir. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycanın tarixi uğuru - ATƏT-in Minsk Qrupunun de-yure ləğvi gündəmdə Prezident İlham Əliyevin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələrlə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannam imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. Sülh müqaviləsinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə düşmənlərini, xüsusən “Bu gün-sabah Azərbaycan Zəngəzuru tutacaq” deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı, beynəlxalq imicini daha da yaxşılaşdırdı

Əlbəttə, tarixin atavizmi olan eybəcər Minsk Qrupu onsuz da de-fa?to mövcud  deyil.  Amma onun rəsmən ləğv edilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu” tamamilə bağlanması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur. Artıq Ermənistanda və ondan kənarda revanşistlərin, Ermənistanın faşist prezidentləri - Ter-Petrosyan-Koçaryan-Sarqsyanın, erməni lobbisinin, Azərbaycan düşmənlərinin “tutacağ”ı yoxdur.

Zəngəzur dəhlizi ideyası reallığa çevrilir

Vaşinqtonda imzalanan Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə, həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

Zəngəzur dəhlizi məsələsi Prezident İlham Əliyevin dahi gedişlərindən biridir. Aydındır ki, bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq, sakitləşəcək.  Amma əksinə oldu. Necə deyərlər, söz danışıqdan keçər.

Təxminən 5 ilə qədərdir ki Ermənisanın məsələni yubatmasına, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur.

Yuxarıda vurğuladığımız kimi, Zəngəzur dəhlizinin idarəetməsi ABŞ-da olacaq. Mollalar, SEPAH, vilayətilər indi gedıb ABŞ-la “qırmızı xəttləri”ni müzakirə etsinlər.

Tarixdə müharibəni udub amma diplomatiyada uduzan o qədər ölkə var ki! Amma Azərbaycan həm müharibədə tam və mütləq qələbə çalıb, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirib, eyni zamanda, Vaşinqton zəfəri ilə sülhü qazanıb. Xüsusən, 2020-ci ildən sonra Azərbaycanı tələyə salmaq istəyənlər özləri tələyə düşdülər. Azərbaycanı dünyadan təcrid etmək istəyənlərin özləri təcrid vəziyyətddə qaldılar. Həmin dairələr bundan sonra daha cılız, daha gülünc görünəcəklər.

Mübariz ABDULLAYEV

Chosen
56
1
yeniazerbaycan.com

10Sources