EN

Prezident İlham Əliyev Vaşinqtonda  Azərbaycan diplomatiyasının yeni Zəfər səhifəsini yazdı

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan diplomatiyasının Zəfər səhifələrindən biri kimi tarixə düşüb. Səfərin ən mühüm və diqqətçəkən hadisələrindən biri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə ABŞ paytaxtında keçirilən tarixi Sammit olub. Məlum görüşün yekununda Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidenti isə şahid qismində Birgə Bəyannaməni imzalayıblar. Sözügedən sənəd  ölkəmizin uzun illər ərzində irəli sürdüyü sülh təşəbbüsünün beynəlxalq səviyyədə geniş dəstəklə qarşılandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Ğirgə Bəyannamə həm regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivədir, həm də gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Həmçinin, sənəddə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması da mühüm dönüş nöqtəsi kimi əksini tapıb.

Sammitdə, həmçinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinin rəsmən dayandırılması qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu bu mexanizmin fəaliyyətinin bağlanmasını rəsmiləşdirib. Eyni zamanda,  “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı xüsusi nəqliyyat və əlaqə layihəsi Ermənistan ərazisində həyata keçiriləcək. Həmin layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməyi hədəfləyir və ABŞ tərəfindən dəstəklənir. Bu marşrut regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq, həmçinin dövlətimizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə töhfə verəcək. Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması buna nümunədir. Həmin qrupun fəaliyyəti enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələrdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönəlib. Bu, Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin daha sistemli və uzunmüddətli şəkildə inkişaf etdirilməsi üçün vacib addımdır.

Prezident Donald Tramp 1992-ci ildən qüvvədə olan və Azərbaycan-ABŞ münasibətlərində məhdudlaşdırıcı rol oynayan «Azadlığa Dəstək Aktı»nın 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə Sərəncam imzalayıb. Bu qərar Azərbaycan diplomatiyası üçün böyük əhəmiyyət daşıyır və iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açır. Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd ölkəmizdə həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinin daha səmərəli istifadə olunmasına yönəlmiş əməkdaşlıq perspektivlərini özündə ehtiva edir və iki şirkət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu memorandum Azərbaycanın enerji sektorunun inkişafı və diversifikasiyası istiqamətində atılan mühüm addımdır və ölkənin enerji təhlükəsizliyinin artırılması üçün yeni imkanlar yaradır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Chosen
34
3
ikisahil.az

10Sources