“Fənərbaxça”nın portuqaliyalı baş məşqçisi “Göztəpə” ilə qolsuz heç-heçə bitən qarşılaşmadan sonra qəribə açıqlamalarla yadda qalıb. Deyib ki, rəqib müdafiə olunursa, onun 10 nəfərlə qalmasının heç bir əhəmiyyəti yoxdur. Artıq qonşu Türkiyədə onun bu cür məntiqdən uzaq açıqlamalarına vərdiş ediblər. İdman mətbuatının da, “Fənərbaxça”ya könül verən azarkeşlərin də portuqaliyalıya olan ümidləri bitib, səbirsizliklə Ali Koçun onunla təzminatda razılığa gələcəyi günü gözləyirlər. Adam rəsmən ötən illərdə qazandığı nüfuzunun kölgəsində gün keçirməklə, Türkiyə futbolunu və jurnalistlərini aşağılamaqla məşğuldur. O qədər vurdum duymazdır ki, məğlub olduqları qarşılaşmadan sonrakı mətbuat konfransında mikrofona qonan milçəyi ovlamaqla məşğul olmaqdan belə çəkinmir.


Onu başa düşdük. Bir çox uğurlara imza atıb, zamanında özünü sübut edib, indi də keçmişinin “çörəyini yeyir”. Amma “Neftçi”nin baş məşqçisi Samir Abasovun özünü Mourinyo kimi aparmasını heç cür başa düşə bilmirəm. Bəli, “Neftçi” onun rəhbərliyi altında çempion olub, “Sumqayıt” avrokuboklara vəsiqə qazanıb. Sonrası necə olub? “Ağ-qaralar” avrokuboklarda uğursuz çıxış edib və bu nəticələr Premyer Liqada da davam edincə Abasova qapını göstəriblər. “Sumqayıt” da elə onun kimi. Azərbaycanlı hakimlərin darta-darta UEFA Konfrans Liqasına apardığı “Sumqayıt” ordan əli-ətəyindən uzun qayıdıb. Bütün bunlar bizim gözümüzün önündə baş verib axı. Ona görə də göydən yerə enmək, bir az da yerdəki işlərlə maraqlanmaq lazımdır.


“Şamaxı” ilə oyun Samir Abasov üçün bu mövsümün ilk imtahanı idi. Samir bəy ötən mövsüm sevə-sevə işlətdiyi “bu mənim komandam deyil” ifadəsinin “yükündən” azad olmuşdu. Onun komandasını yeni mövsümə hazırlamaq üçün yetərincə vaxtı var idi, ixtiyarına da 12 yeni futbolçu verilmişdi. Yəni ki, Abasov “Neftçi”ni “sökmüş”, istədiyi kimi “yığmışdı”. Bəli, mən də başa düşürəm ki, çempionatın ilk oyunu idi. Amma unutmaq lazım deyil ki, rəqib nəinki çempionluğa oynayan “Qarabağ”la, “Sabah” bir yana, hətta “Araz Naxçıvan” və ya “Zirə” deyildi. Ayxan Abbasov oyundan sonra etiraf etdi ki, heyəti yetərincə komplektləşdirməyə büdcələri imkan vermir. “Şamaxı” hazırlıq dövründə heç ölkəni də tərk etməyib. “Neftçi” isə Polşada yüksək səviyyəli hazırlıq keçib. Bu hazırlığın iştirakçıları meydanda bir-birini başa düşmür, dəfələrlə yersiz top itkilərinə yol verir, ötürmələri ünvana çatmırdı. Belə çıxır ki, Polşadakı hazırlıq da boşa verilib.


Qapıçı Piriçin “Şamaxı”nın vurduğu qol zamanı düzgün mövqe seçməməsi, “canlı sədd”in arxasında gizlənib, uzaq küncü boş qoyması da bir ayrı dərd idi. Sizin də yadınızda olar, bir neçə gün bundan əvvəl jurnalistlərlə görüşən Samir bəy bu qapıçının hansı ölkənin çempionatından gəldiyini belə xatırlaya bilmirdi. Amma adamı birdən-birə “Neftçi” boyda komandanın vitse-kapitanı seçdilər. Özü də heç bir rəsmi oyun keçirməmiş. Bunu Samir bəyə mətbuat konfransında xatırlatmasam da, “boşluqları desəm, menecerlər telefonuma futbolçu göndərəcəklər” sözlərini ona xatırlatdım. Ondan soruşdum ki, “Şamaxı” ilə oyundan sonra menecerlərdən təklif gələcəkmi? Çünki “Neftçi”dəki boşluqları, problemli mövqeləri hamı görmüşdü. Cavabında belə bir ifadə işlətdi: “Sözdür də, deyirik...” 


Məncə, sitatı da, yazını da burda yekunlaşdırmaq olar.