Son olaraq “Valyadolid”in şərəfini qorumuş braziliyalı sol cinah müdafiəçisi Enrike Silva bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Ötən mövsümü İspaniya La Liqasında keçirmiş futbolçu bu yay “Valyadolid”dən ayrıldığı üçün Tovuz klubuna azad agent kimi qoşulub.
Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxmış braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. O, bu ilin əvvəlində qoşulduğu “Valyadolid”də cəmi 5 oyun keçirib.
Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.
“Turan Tovuz” daha öncə David Tavares, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov, Filip Ozobiç və İbrahima Vadjini də heyətinə qatmışdı. Alexandro Serrano ilə yeni müqavilə bağlamış Tovuz klubu İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyevlə də yeni müqavilə bağlamışdı.