Azərbaycanda ailə institutunda müşahidə olunan boşanma halları son illərdə artmaqda davam edir və bu, ən çox uşaqların psixoloji və sosial durumuna təsir göstərir. Rəsmi məlumatlara görə, ötən il 18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan boşanmaların sayı 21 min 384 olub. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2023-cü ildə 21 min 688 təşkil edib. Göründüyü kimi, göstəricilər arasında ciddi fərq olmasa da, boşanmaların böyük hissəsi uşaqlı ailələrin payına düşür ki, bu da narahatlıq doğuran faktorlardan biridir.
Rəqəmlərin təhlili göstərir ki, keçən il qeydə alınan ümumi boşanmalardan 10 min 364-ü övladı olmayan ailələrdə baş verib. Bununla yanaşı, 4 min 368 boşanma bir uşaqlı ailələrin, 6 min 652 boşanma isə iki və daha çox uşaqlı ailələrin payına düşüb. Bu statistika uşaqların boşanma prosesindən ən çox zərər çəkən sosial qrup olduğunu bir daha təsdiqləyir. Nəticədə, valideynlərindən biri ilə qalmalı olan uşaqların sayı 19 min 632-yə çatıb. Bu, təkcə ailədaxili münasibətlərin pozulması ilə deyil, həm də uşaqların gələcək inkişafına təsir edə biləcək ciddi sosial-psixoloji problemlərlə bağlıdır.
Qeyd etmək lazımdır ki, ötən il hər 100 boşanmaya görə düşən ümumi uşaqların sayı 178 olub. Bu göstərici əvvəlki illə müqayisədə dəyişməyib. Statistikanın sabit qalması problemin hələ də aktual olaraq qaldığını göstərir. Yəni, boşanmaların sayında ciddi azalma müşahidə edilməsə də, uşaqların bu prosesdən təsirlənmə dərəcəsi dəyişmir.
Mütəxəssislər boşanmaların əsas səbəbləri sırasında sosial-iqtisadi çətinlikləri, ailədaxili zorakılığı, həyat tərzindəki uyğunsuzluqları, miqrasiya faktorunu və psixoloji uyğunsuzluğu önə çəkirlər. Əsasən gənc ailələrdə, evlilikdən sonrakı ilk beş il ərzində boşanmaların daha çox rastlanması diqqət çəkir. Bu isə ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin ailə həyatına hazırlanması və sosial dəstək mexanizmlərinin gücləndirilməsinin zəruriliyini ortaya qoyur.
Boşanmaların artması cəmiyyət üçün həm sosial, həm də demoqrafik problemlər yaradır. Ən böyük zərbə isə uşaqların psixoloji sağlamlığına dəyir. Tədqiqatlar göstərir ki, boşanmış ailələrin övladları çox vaxt özünü təhlükəsiz hiss etmir, təhsil göstəricilərində eniş müşahidə olunur və sosial adaptasiya prosesində çətinliklərlə üzləşirlər. Bununla yanaşı, uşaqlarda aqressiv davranış, özünəqapanma və depressiya kimi hallar da müşahidə oluna bilir.