EN

Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır

 

Azərbaycanda fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, ölkəmizdə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Bu baxımdan, iyulun 14-də qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlanda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi xüsusi önəm kəsb edir.

Dəyişikliklərə əsasən, fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından ayrılacaq. Bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək. Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb olunmadan təqdim ediləcək.

Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq sahəsində aparılır:

- Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksək riskli ərazi olduqda;- Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazə verilmədikdə;- Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdikdə.

Bu səbəblər Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşa məlumat veriləcək.

Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin mülkiyyətinə keçir.Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.

Chosen
32
13
missiya.az

10Sources