EN

Kiçikhəcmli gəmi istifadəçiləri üçün növbəti silsilə maarifləndirmə tədbirləri keçirilib

BAKI, 2 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Nohur gölü sahilində, Sumqayıt şəhərinin Corat qəsəbəsində, Xaçmaz rayonunun Tikanoba kəndində, Astara rayonunun Şahağac kəndində və Neftçala rayonunun Sübh kəndində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Tədbirlərdə sözügedən gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Chosen
132
7
teleqraf.com

10Sources