EN

Rusiyanın hücumunda 20-dən çox mülki şəxs həlak oldu - Zelenski dəhşətli görüntüləri paylaşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Yarovaya qəsəbəsinə hava zərbəsi endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, faciə yerli sakinlər pensiya ödənişlərini almaq üçün toplaşdığı zaman baş verib.
İlkin məlumatlara görə, hücum nəticəsində 20-dən çox adam həlak olub. Ölənlərin əksəriyyəti yaşlı insanlardır.
Volodimir Zelenski faciə yerindən videogörüntüləri də paylaşıb. Kadrlarda ölənlərin cəsədləri və partlayış dalğası nəticəsində parçalanan avtomobil əks olunub.
Zelenski, həmçinin, Rusiyanın hərəkətlərini kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti qətiyyətlə cavab verməyə çağırıb.
O, xüsusilə ABŞ, Avropa İttifaqı və "Böyük iyirmilik" ("G20") ölkələrinin reaksiyasının vacibliyini qeyd edib, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə və mülki şəxslərə qarşı növbəti hücumları dayandıra biləcək tədbirlərin görülməsinə çağırış edib.
"Donetsk vilayətinin Yarovaya qəsəbəsinə açıq-aşkar vəhşicəsinə Rusiya aviabombası. Birbaşa insanların üzərinə. Mülki vətəndaşlar. Pensiyaların ödənildiyi bir vaxtda. İlkin məlumata görə, ölənlərin sayı 20 nəfərdən çoxdur. Deyiləcək söz yoxdur... Həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığı diləyirəm.
Rusiyanın bu cür zərbələri dünya tərəfindən mütləq şəkildə cavabsız qalmamalıdır. Ruslar həyatı məhv etməyə davam edirlər, lakin yeni güclü sanksiyalardan, yeni güclü zərbələrdən yayınırlar. Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-dən reaksiya tələb olunur. Avropanın reaksiyası lazımdır. "İyirmiliy"in reaksiyası lazımdır. Güclü addımlar atmaq lazımdır ki, Rusiya ölüm gətirməyi dayandırsın", - deyə Ukrayna prezidenti paylaşımda bildirib.
Chosen
40
3
oxu.az

4Sources