EN

ABŞ Zəngəzur dəhlizi ilə bağlı Bakıdan Rusiya və İrana güc mesajı verdi...


ABŞ şirkətləri “Tramp yolu” ilə bağlı layihələrdə iştirak etmək və tenderlərdə öz təkliflərini təqdim etmək imkanını böyük məmnuniyyətlə dəyərləndirəcəklər. Bunu ABŞ İqtisadi Maliyyələşdirmə Korporasiyasının icraçı direktoru Kennet Angel Smerika biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

O, “Tramp yolu”, yəni Zəngəzur dəhlizi ilə əlaqədar bir sıra geosiyasi faktorların olduğunu vurğulayıb: “Bir tərəfdə Rusiya, digər tərəfdə isə İran bu dəhlizin istifadəyə verilməsini istəmir. Türkiyə isə əksinə, dəhlizin açılmasına dəstək nümayiş etdirir. Ermənistan da bu prosesdə maraqlıdır, çünki marşrutdan keçəcək yüklərdən rüsum toplamaq imkanı onlar üçün üstünlük hesab olunur. Məncə, bu məsələ müəyyən təhlükəsizlik təminatları və diplomatik yanaşma tələb edəcək. Lakin bu, iqtisadi tərəqqidən fərqli bir mövzudur”.

Ekspertlər qeyd edir ki, ABŞ nümayəndəsinin dedikləri Rusiya və İrana konkret mesajdır. Burada o açıq şəkildə bildirir ki, ABŞ Zəngəzur dəhlzinə maneə olanlara qarşı lazım olarsa, güc faktorundan da istifadə edəcək. Amma o halda ki, diplomatiya bir nəticə verməsin. Hər halda Kennet Angelin müəyyən təhlükəsizlik təminatları və diplomatik yanaşma ilə bağlı sətiraltı ifadələri də məhz bunu nəzərdə tutur. Bu arada iranlı ekspert Seyid Hüseyn Mirşəfi qeyd edib ki, Zəngəzur dəhlizi əslində İran üçün təhdid deyil, əksinə üstünlükdür. Bu dəhliz İran ərazisindən keçməklə Azərbaycan, Naxçıvan və Türkiyə arasında quru əlaqənin tamamlanmasına şərait yaradır. Bu isə İranın tranzit mövqeyinin gücləndirilməsi baxımından mühüm imkan yaradacaq. Onun sözlərinə görə, İran beynəlxalq daşıma şirkətlərini inkişaf etdirməli, qaydaları sadələşdirməli, yük vasitələrinin təhlükəsizliyini artırmalı və yük sahiblərinə yüklərin izlənməsini təmin etməlidi: “Əgər bu addımlar atılsa, İran üzərindən yük daşımalarının ümumi xərcləri azalacaq və ölkəmiz bu sahədə rəqabətədavamlı olacaq”. Mirşəfi onu da deyib ki, Zəngəzur dəhlizi əslində Türkiyə və İran arasında quru əlaqəsini daha da möhkəmləndirir və bu, İran üçün üstünlük deməkdir: “İran düşünməməlidir ki, digər ölkələr mütləq onun marşrutunu seçəcəklər. Əksinə, bölgədə rəqib marşrutlar mövcuddur və onların inkişafı nəzərə alınmalıdır. Xüsusilə Xəzər dənizi, Mərkəzi Asiya, Rusiya və Cənub istiqamətlərindəki marşrutlar İran üçün həm rəqabət, həm də əməkdaşlıq baxımından önəmlidir”. Bunlar fonunda ABŞ İqtisadi Maliyyələşdirmə Korporasiyasının icraçı direktoru Kennet Agnel isə qeyd edir ki, “Tramp yolu” Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin mühüm elementidir və xüsusilə də uzun müddət məsafə ilə ayrılmış Azərbaycan bölgələrinin birləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, təxminən 42 kilometr uzunluqda olacaq bu birləşdirici marşrutun yaradılması həmin əraziləri bir araya gətirməklə yanaşı, Orta Dəhliz üçün də yeni imkanlar açacaq: “Orta Dəhlizin əsas məqsədi malların Şərqlə Qərb arasında – Avropadan Çinə və əks istiqamətdə – daha sürətli və səmərəli daşınmasını təmin etməkdir. Qeyd etmək lazımdır ki, bu, sıfır nəticəli bir proses deyil. Qazaxıstandan Azərbaycana və oradan Gürcüstana keçərək Qara dəniz limanlarına çıxan Orta Dəhliz marşrutu ilə, Qazaxıstandan Azərbaycana və daha sonra Türkiyə üzərindən keçən alternativ marşrut bir-birini tamamlamaqdadır. Hər iki yol üçün kifayət qədər ticarət həcmi mövcuddur. Əslində isə TRIPP bağlantısı Avrasiya üzrə malların hərəkəti üçün sadəcə olaraq əlavə və strateji bir nəqliyyat dəhlizi rolunu oynayacaq”.

Onu da qeyd edək ki, yaxın vaxtlarda Ermənistan ABŞ ilə danışıqlar, o cümlədən “Tramp yolu” ilə bağlı müzakirə aparacaq. Burada artıq ABŞ şirkətlərinin dəhlizin inşası prosesində iştirakı xüsusnda razılqıların əldə olunması gözlənilir. Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erliç isə bu məsələ ilə bağlı vurğulayıb ki, ABŞ şirkətləri dünyanın aparıcı şirkətləridir: “ABŞ texnologiyasına, kapitalına, bacarıqlarına və məhsullarına böyük tələbat var. Ümid edirəm ki, bu sahədə də müəyyən imkanlar olacaq”. Bu arada onu da qeyd edək ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşmalarının həyata keçirilməsində mühüm strateji əhəmiyyətə malik layihədir: “Azərbaycan ərazisi üzrə dəhlizin işləri gələn il ərzində tamamlanması nəzərdə tutulur. Zənqəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizdə əlavə 15 milyon ton yük daşınacaq”. Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol Azərbaycan üçün maneəsiz olacaq. Onun sözlərinə görə, sözügedən yolla Azərbaycandan daşınacaq sərnişin və yüklər üçün Ermənistan tərəfində yoxlama olmayacaq: “Mövcud məlumatlardan aydın olur ki, Ermənistan və Azərbaycan üzərindən tranzit üçün analoji rejim olmayacaq. Yəni Azərbaycan tərəfində Ermənistan yükləri yoxlamaya məruz qalacaq”.

Ramil QULİYEV

Chosen
33
baki-xeber.com

1Sources