Rusiya PUA-ları Polşa ərazisinə keçdi, dünyada gərginlik daha da artdı
Rusiya Ukraynanı bombardman etməklə kifayətlənməyərək artıq NATO üzvü olan qonşu Polşanın da ərazilərinə dronlarla hücum edib. Belə ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiyaya məxsus pilotsuz təyyarələr kütləvi şəkildə Polşanın hava məkanına daxil olub.
Hava təhlükəsinin qarşısını almaq üçün aviasiya işə cəlb edilib. Məlumata görə, gecə təxminən saat 1 radələrində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücum pilotsuz təyyarələrinin Ukrayna sərhədini keçərək Polşa hava məkanına keçdiyini açıqlayıb. Rusiya pilotsuz təyyarələri Zamosk şəhəri istiqamətində hərəkət edirmiş. Bu şəhər Ukrayna sərhədindən təxminən 60 kilometr aralıda yerləşir. Həmçinin gecə saatlarında monitorinq kanalları yazıb ki, Rusiyanın daha bir neçə pilotsuz təyyarə qrupu Polşa sərhədini keçə bilərdi - bu prosesdə 10-dan çox “Şahed” iştirak edirdi. Daha sonra Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün hərbi hava qüvvələrinin hərəkətə keçdiyini bildirib. Yerüstü hava hücumundan müdafiə və radar tanıma sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, Flightradar24 xidmətinin məlumatları "F-35" döyüş təyyarəsinin də Polşa hava məkanında olduğunu göstərib.
Rusiya pilotsuz təyyarələrinin təhlükəsi səbəbindən Polşada dörd hava limanının hava məkanı bağlanıb. Əvvəlcə bu, Rzeşova aid idi, lakin sonrakı bir neçə saat ərzində Lublin, Varşava və Modlin hava limanları da bağlanıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatına görə, ən böyük təhlükə altında olan voyevodalıqlar Podlaskie, Mazowieckie və Lublin olub.
Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Polşa üzərində dövlət sərhədini pozan obyektlərin zərərsizləşdirilməsi əməliyyatı davam edir: “Ölkənin səlahiyyətli orqanları, yəni Polşa Respublikasının Prezidenti və Polşa Respublikasının Baş naziri məlumatlandırılıb. Bütün xidmətlər fəaliyyətdədir. Sizdən xahiş edirik ki, Polşa ordusu və polisinin hesabatlarını izləyəsiniz”.
Hadisəyə Polşa baş naziri Donald Tusk da münasibət bildirib. O, rus PUA-larının ölkə ərazisinə daxil olmasını pisləyərək, bir sıra pilotsuz aparatların Polşa hava qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Tusk vurğulayıb ki, Polşa bu cür təhlükələrə qarşı NATO müttəfiqləri ilə birlikdə adekvat cavab verməkdə qərarlıdır. Baş nazir NATO rəhbərliyinə məlumat verərək hadisəni “polşalılara qarşı təcavüz aktı” adlandırıb.
Ukraynanın xarici işlər naziri Dmitri Sibiqa Rusiya dronlarının Polşa ərazisinə keçdiyini bəyan edib. Nazir bildirib ki, bu hadisə Avropaya ciddi təhlükədir: “Zəif reaksiya indi Rusiyanı daha da cəsarətləndirəcək və o zaman rus raketləri və dronları Avropanın daha dərinliklərinə uçacaq. Bu vəziyyət bir daha göstərir ki, tərəfdaş ölkələrin hava hücumundan müdafiə imkanlarının Ukrayna ərazisində, xüsusilə NATO sərhədlərinə yaxın bölgələrdə istifadəsinə icazə verilməsi barədə qərar qəbul edilməlidir”.
ABŞ konqresmeni Coy Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbə endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb. O, Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa səsləyib. Onun sözlərinə görə, təcili olaraq Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyalar tətbiq etmək və Ukraynanı Rusiyaya zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır.
Demokrat senator və ABŞ Senatının Ədliyyə Komitəsinin üzvü Dik Durbin bildirib ki, bu cür hadisələr Putinin Alyansın Polşa və Baltikyanı ölkələri müdafiə etmək əzmini sınadığına dair “aydın xəbərdarlıqdır”: “Putinin Ukraynada törətməkdə davam etdiyi qırğından sonra bu müdaxilələrə göz yummaq olmaz”.
Aydın Hüseynov
Baş verənləri “Yeni Müsavat”a şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Rusiya dronlarının Polşa ərazisinə daxil olması və zərbə endirməsi Rusiya-Ukrayna müharibəsinin bu iki dövlətin sərhədlərindən kənara çıxmağa başlamasıdır: “Ukraynada istədiyini edən və NATO-nun seyrçi mövqeyindən ruhlanan Rusiya artıq NATO dövlətini də hədəfə almaqdan çəkinmir. Baş verən hadisənin başqa adı yoxdur. Polşanın baş naziri Tusk açıq şəkildə bəyan etdi ki, bu hücum polşalılara qarşı təcavüz aktıdır. O, NATO rəhbərliyinə müraciət edib. Baxaq görək, NATO-nun, ABŞ-nin münasibəti necə olacaq. Dişsiz mövqe nümayiş etdiriləcəksə, Rusiya qarşıdakı dövrdə hücumlarının arealını genişləndirəcək. NATO ölkəsinə dron hücumu həm Rusiya üçün, həm də NATO üçün sınaqdır”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirib ki, Putinlə Trampın Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olur, indi isə Putin Polşanı hədəf seçiməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır: “Bu, artıq NATO-ya zərbə endirilməsi deməkdir. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda, Polşadan sonra Rusiya dronları digər NATO üzvləri olan Baltik ölkələri, o cümlədən Finlandiyanın hava sahəsində də görünəcək. Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü "sülhpərvər" kimi göstərmək üçün tez-tez bəyan edir ki, Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur, Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər. Kreml sahibi bugünədək o qədər yalan danışıb ki, bu da onlardan biridir. Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı. Dronlar Polşanın hava sahəsində daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib. Müharibə Ukraynanın şərqində gedir, Rusiya dronları isə cəbhə bölgəsindən min kilometrlərlə uzaq məsafə qət ediblər. Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, reallıqda isə o, Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir".
NATO isə Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirməyib. Bu barədə “Reuters” məlumat yayıb. Alyansdakı mənbə bildirib ki, ilkin məlumatlara görə, 6-10 rus PUA-sı qəsdən Polşa hava məkanına daxil olub. Mənbə əlavə edib ki, bu, ilk dəfə idi ki, NATO təyyarələri müttəfiqin hava məkanında potensial təhlükəli obyektlərlə qarşılaşıb. Bölgədə yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri radardan istifadə edərək PUA-ları aşkarlayıb, lakin onları vurmaq üçün istifadə edilməyib. Əməliyyata Polşanın “F-16" qırıcıları, Niderland "F-35"ləri, İtaliyanın AWACS təyyarələri və NATO-nun havada yanacaq dolduran təyyarələri cəlb olunub.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”