EN

Mütəxəssis: Vitamin çatışmazlığı payızda özünü tez tez göstərir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Vitamin çatışmazlığı payızda özünü tez-tez göstərir. İnsanlar davamlı yorğunluq, yuxulu olmaq, dərinin quruması və dodaqların çatlaması kimi problemlərlə üzləşirlər. Həmçinin immunitet zəifləyir, soyuqdəymə halları artır. Bəzən sümük və əzələlərdə zəiflik hissi də yaranır ki, bu da xüsusilə D vitamini və maqnezium çatışmazlığı səbəbindəndir. Düzgün və balanslı qidalanma mövsümi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Orqanizm üçün lazımlı vitaminlər, minerallar, zülallar və faydalı yağlar düzgün qəbul edildikdə, immunitet sistemi daha güclü olur və viruslara qarşı müqavimət artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

O bildirib ki, saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, əhval dəyişiklikləri, depressiya da payızda vitamin çatışmazlığının digər əlamətlərindəndir: “Rəngli tərəvəz və meyvələrin bol qəbulu orqanizmi antioksidantlarla təmin edir. Paxlalılar və tam taxıllar enerji balansını qoruyur və bağırsaq mikroflorasını yaxşılaşdırır. Süd məhsulları probiyotik təsiri ilə bağırsaq immunitetini möhkəmləndirir. Balıq və dəniz məhsulları Omeqa-3 yağ turşuları ilə orqanizmi iltihab proseslərindən qoruyur. Bal, zəncəfil və sarımsaq isə təbii antibiotik kimi xəstəliklərlə mübarizədə mühüm rol oynayır. Məsələn, səhər yeməyində yulaf sıyığına qoz-fındıq və alma əlavə etmək, günorta yeməyində tərəvəz şorbası ilə balıq, axşam isə yaşıl salat və paxlalılar qəbul etmək payız mövsümü üçün ideal menyu sayıla bilər. Payızda düzgün qidalanma və vitaminlərlə zəngin təbii məhsulların istifadəsi yalnız immuniteti gücləndirmir, həm də mövsümi yorğunluğun, soyuqdəymələrin və vitamin çatışmazlığının qarşısını alır. Təbii meyvə-tərəvəzlərin bol olduğu bu fəsildə süni vitamin komplekslərinə deyil, əsasən, təbii qidalara üstünlük vermək daha faydalıdır. Mövsümdə yetişən meyvə və tərəvəzlərin bol istifadəsi çox vacibdir. Yadda saxlayın ki, balanslı qidalanma və aktiv həyat tərzi sağlamlığın əsas açarıdır”.

Mütəxəssis qeyd edib ki, payızda ən çox ehtiyac duyulan vitaminlərdən biri də C vitaminidir:“Bu vitamin növü immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən almaq mümkündür. A vitamini isə dəri və selikli qişaların möhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rola malikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə, həmçinin qaraciyərdə mövcuddur. E vitamini güclü antioksidant kimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq, günəbaxan tumu və zeytun yağında çoxdur. B qrupu vitaminləri, xüsusilə B6 və B12 sinir sistemi və enerji mübadiləsi üçün vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən almaq olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
8
azertag.az

9Sources