EN

Türk dünyasının döyünən qəlbi, diplomatik-siyasi mərkəzə çevrilən Şuşa

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2020-ci ilin noyabrında işğaldan azad olunan Şuşa artıq Azərbaycanın yeni diplomatik-siyasi mərkəzinə çevrilməkdədir. Son illərdə burada çoxsaylı beynəlxalq tədbirlər, forumlar təşkil olunub, bir çox dövlət başçılarının rəsmi qarşılanma mərasimləri reallaşıb.
Xəyallar reallığa çevrilir
Tarixi zəfərimizə qədər Şuşanın bu cür status əldə edəcəyini ancaq xəyal edə bilərdik. Lakin Vətən müharibəsindəki şanlı qələbəmiz bizlərə xəyal görünən bir çox məqamları reallığa çevirdi. Elə Şuşanın bu gün Azərbaycanın yeni diplomatik mərkəzi olması kimi...
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edildikdən sonra Şuşanın milli və tarixi kimliyi özünə qaytarıldı. İndi Şuşa tək Azərbaycan mədəniyyətinə görkəmli şəxsiyyətlər, dahilər bəxş edən məkan kimi yox, həm də bir çox qlobal və regional problemlərin müzakirə edildiyi, rəsmi səfərlərin reallaşdığı siyasi mərkəz kimi də tanınır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
İsveçrədə Davos, Almaniyada Münhen, Azərbaycanda Şuşa
Bu gün paytaxt Bakıda xarici dövlətlərin ali rəhbər şəxslərinin rəsmi qarşılanma mərasimində tətbiq edilən bütün diplomatik protokol qaydalarına Şuşada yüksək səviyyədə tam riayət olunur. Bərpa-quruculuq işləri zamanı görülən tədbirlər nəticəsində bu gün Şuşa miqyasından və əhatə dairəsindən asılı olmayaraq, böyük beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi etmək iqtidarındadır. Biz bunu işğaldan qısa müddət sonra keçirilən tədbirlər və reallaşan səfərlərin timsalında dəfələrlə müşahidə etmişik. Türkiyədə İstanbul, İsveçrədə Davos, Almaniyada Münhen paytaxtla yanaşı, xüsusi önəm daşıdığı kimi, Azərbaycanda da Şuşa belə böyük əhəmiyyət kəsb edən bir mərkəzə çevrilib.
Reallaşan səfərlər, beynəlxalq əhəmiyyətli forumlar
Qeyd edək ki, 2021-ci il iyunun 15-də qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi Şuşada reallaşıb. 2023-cü ilin avqustunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva da Şuşanın qonağı olublar. 2025-ci ilin iyulunda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov mədəniyyət paytaxtımıza səfər edib. 2024-cü ilin iyulunda Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu görüşdə Prezident İlham Əliyevlə yanaşı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Hər il burada Prezident İlham Əliyevin də qatıldığı bir çox dövlətlərin aparıcı beyin mərkəzləri və media orqanları təmsilçilərinin iştirakı ilə ənənəvi Şuşa forumu təşkil olunur. Dünyanı narahat edən, bölgəmizlə bağlı bir çox aktual problemlərə dair rəsmi Bakının mövqeyi ən ali səviyyədə məhz Şuşadan dünyaya çatdırılır.
"Alınmaz qala"nın siyasi anlamı
Şuşa həm də 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin, xalqının, ordusunun qələbə rəmzi sayılır. Tarixən "alınmaz qala" adlandırılan Şuşanın qısa müddətdə düşmən işğalından azad edilməsi, sıldırım və keçilməz qayaların fəth olunmasının siyasi anlamı da olduqca böyükdür. Xarici dövlət başçılarının Şuşada qarşılanması, beynəlxalq tədbirlərin yeni ünvanının Şuşa olması həm də dünyaya ünvanlanan açıq siyasi və diplomatik mesajdır. Bizim qalib xalq, qalib dövlət və Prezident İlham Əliyevin 21-ci əsrin tək Müzəffər Ali Baş Komandan olmasının mesajı. Məhz Şuşadan dünyaya nümayiş etdirilən bu reallıq dostlarımız üçün qürur, Azərbaycanın güclü və müstəqil dövlət olmasını istəməyənlər üçün isə xəbərdarlıq deməkdir.
Türk dünyasının döyünən qəlbi
Şuşa bu gün həm də türk dünyasının döyünən qəlbidir. Burada təşkil olunan Türk Dövlətləri Təşkilatının zirvə görüşü üzv dövlətlər arasında əməkdaşlıqda yeni bir səhifə açdı. Azərbaycanın qələbəsinin simvolu olan Şuşa Zirvə görüşündə qəbul edilən Şuşa bəyannaməsi ilə adını türk dövlətlərinin tarixinə qızıl hərflərlə yazdırdı.
Şuşaya aparan yol
Bu cür görüşlərin, beynəlxalq tədbirlərin, rəsmi qarşılanma mərasimlərinin Şuşada reallaşması həm də Qarabağın, Şərqi Zəngəzurun qədim, əzəli və əbədi Azərbaycan torpaqları olmasının dünyaya nümayişi anlamına gəlir. Şuşaya gələn hər bir xarici qonaq bu gün Füzulidə, Laçında, Zəngilanda inşa edilən hava limanlarına enməklə yolçuluğuna başlayır. Şuşaya çatanadək həm işğal dövründə törədilən vəhşilikləri, dağıntıları, həm də buna paralel olaraq Azərbaycan dövlətinin öz gücü, imkanları hesabına qurub-yaratdığı, bərpa etdiyi, məskunlaşdırdığı Qarabağı görür, müşahidə edir. Şuşa səfəri onlara Azərbaycan kimliyini, həqiqətlərini, reallığını aşılayır, təlqin edir.
Belə diplomatik tədbirlərin, forumların Şuşada, Xankəndidə təşkili Azərbaycan xalqına da bir çağırışdır. Dövlətimizin daxili təhlükəsizliyinin, ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə təmin olunduğunun göstəricisidir. Artıq bu torpaqlarda separatizmə, terrora, bölücülüyə yer olmadığı, Azərbaycanın bütün suveren ərazilərində qanunlarının ən yüksək səviyyədə təmin edildiyinin mesajıdır.
"Əziz Şuşa, biz səni dirçəldəcəyik"
Bəli, Şuşa bu gün hər bir Azərbaycan vətəndaşının qürur yeridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ən səmimi hisslərlə söylədiyi "Əziz Şuşa, biz səni dirçəldəcəyik" bəyanatı bu gün artıq reallıqdır. Dünyanın, beynəlxalq aləmin qəbul etdiyi reallıq. Tarixi qələbəmizdən keçən qısa müddətdə dirçələn Şuşa bu gün qalib dövlətin diplomatiyasının yeni mərkəzidir.
Chosen
52
2
oxu.az

10Sources