EN

SOCAR Neftçilər Günü münasibətilə tədbir keçirib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Əsrin müqaviləsi"nin imzalanmasının 31-ci ildönümü və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirib.

Ölkə.Az SOCAR-a istinadən xəbər verir ki, əvvəlcə şirkət prezidenti Rövşən Nəcəf və kollektiv Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Sonra Şəhidlər xiyabanına gələn SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edib.

SOCAR-ın Baş ofisində keçirilən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib.

Azərbaycanın dövlət suverenliyi və Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın enerji siyasətini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu Öndərin müəyyənləşdirdiyi müdrik enerji siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində tarixi zəfərlərə aparan yol, ölkəmizin suverenliyinin tam bərpası kimi tarixi nailiyyətlər əks etdirilib.

Tədbirdə çıxış edən R. Nəcəf Dövlət Suverenliyi Günü və Neftçilər Günü peşə bayramı münasibətilə təbriklərini çatdırıb. O, neftçilərin sosial rifahının daim diqqətdə saxlanıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən yüksək qayğıya görə neftçilər adından minnətdarlığını ifadə edib.

20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı olduğunu söyləyən R.Nəcəf Heydər Əliyevin siyasi iradəsi sayəsində imzalanmış müqavilənin ölkəmizi tamamilə yeni mərhələyə çıxardığını qeyd edib.

Həyata keçirilən strateji layihələrin Azərbaycanın regional liderə çevrilməsinə geniş imkanlar yaratdığını deyən SOCAR prezidenti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi, eləcə də TANAP və TAP kimi qaz boru kəmərlərinin ölkəmizin enerji resurslarının dünya bazarına çıxışını təmin etdiyini və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Son illər əldə olunan nailiyyətlərdən bəhs edən R.Nəcəf bu gün Azərbaycan təbii qazının dünyanın 14 ölkəsinə ixrac olunduğunu diqqətə çatdırıb. Bu il Azərbaycan qazının Ukrayna və Suriyaya nəqlinin ölkəmizin beynəlxalq təchizatçı kimi mövqelərini daha da möhkəmləndirdiyini qeyd edib.

SOCAR-ın Xəzər regionunda həyata keçirilən layihələrlə yanaşı, fəaliyyət coğrafiyasını da genişləndirdiyini söyləyən Rövşən Nəcəf SOCAR-ın beynəlxalq enerji şirkətinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib.

Sonra qocaman neftçi, "Azneft" İB-nin "28 may" NQÇİ-nin ustası Sahib Nuriyev tərəfindən neftçilərin Prezident İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub. Məktubda neftçilərə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

"Gənc İstedadlar Proqramı"nın 2023-cü il üzrə qalibi Ayşən Qənbərli çıxışında "Əsrin müqaviləsi"nin ölkəmizin hərtərəfli tərəqqisində, o cümlədən gənclərin inkişafındakı rolundan bəhs edib.

Daha sonra fəaliyyətdə fərqlənən bir qrup neftçi "Fəxri neftçi" döş nişanı və Fəxri fərmanla təltif olunub.

Tədbir çərçivəsində, həmçinin "SOCAR Könüllüləri" qrupunun yeni üzvlərinin təqdimatı olub. "SOCAR könüllüləri" qrupunun son 1 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Qrupun layihələrin idarəedilməsi və ümumi işlərin təşkili üzrə meneceri Cavid Həsənzadə çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıb, SOCAR könüllülərinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Tədbir Bakı Ali Neft Məktəbinin tələbələrinin "Azərbaycan" şeiri səsləndirməsi, vətənpərvər ruhda və neftçilərə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.

Chosen
18
7
olke.az

8Sources