Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.
Son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar müəyyənləşib.
İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.