EN

Rusiyada Emin Ağalarovun əmlakına həbs qoyulması tələb olunur


“Crocus City Hall”da baş verən terror aktı ilə bağlı Ağalarovların əmlakına həbs qoyulması tələb olunur.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanları və onların müdafiəsi ilə məşğul olan vəkillər istintaq orqanlarına müraciət edərək binanın sahibi, iş adamı Araz Ağalarov və onun oğlu Emin Ağalarovun əmlakına həbs qoyulmasını xahiş ediblər.
İstintaq Komitəsinin məlumatına görə, terror aktından sonra binanın yanğınsöndürmə sistemi işləməyib, bəzi qəza çıxışları bağlanıb, tikintidə istifadə olunan yanar materiallar isə alovun qısa müddətdə yayılmasına səbəb olub. Vəkillərin sözlərinə görə, bu hallar təhlükəsizlik tələblərinin pozulması və “ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaq” (Rusiya CM, maddə 238.3) kimi qiymətləndirilir.
Qrupun vəkili İqor Trunov bildirib ki, “Crocus” ASC yanğınsöndürmə sisteminin saxlanmasına, “Crocus Group” mədəni-əyləncə xidmətlərinə, “Crocus Profi” özəl mühafizə şirkəti təhlükəsizliyin təmin edilməsinə cavabdeh olub. Onun sözlərinə görə, əmlaka həbs qoyulması zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün zəruridir.
Rəsmi rəqəmlərə görə, 22 mart 2024-cü ildə baş verən terror hücumu nəticəsində azı 139 nəfər, o cümlədən 3 uşaq həyatını itirib, 121 nəfər isə yaralanıb. Zərərçəkmişlərin bir hissəsi yanğın zamanı tüstüdən zəhərlənərək dünyasını dəyişib.
“Crocus City Hall”un mətbuat xidməti isə “Forbes”ə açıqlamasında hazırda zərərçəkmişlərin müraciətinə münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, hücumu dörd silahlı şəxs törədib, onlar tamaşaçılara atəş açdıqdan sonra binanı yandıraraq hadisə yerindən qaçıblar. Cinayətin vurduğu ümumi ziyanın 6 milyard rubl olduğu bildirilir.

Murad Məmmədov
Chosen
24
12
yeniavaz.com

10Sources