EN

Türkiyədəki Azərbaycan dili kurslarının yekun qiymətləndirilməsi aparıldı

BAKI, 24 sentyabr. TELEQRAF

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaradakı Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında təşkil edilmiş Azərbaycan dili kurslarının iştirakçılarının yekun qiymətləndirilməsi aparılıb.

Bu barədə Teleqraf-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş Türkiyədə Azərbaycan dilinin təbliği məqsədi ilə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Səfir kursların əhəmiyyətini vurğulayıb, ona marağın böyük olduğunu qeyd edib.

S.Abbasov kurs iştirakçılarının bütün əyani vasitələrlə təmin edildiyini, tədris ocağında Azərbaycan ədəbiyyatı ilə bağlı kitabxananın yaradıldığını bildirib.

Daha sonra Qazi Üniversiteti Türkçə və Sosial Bilimlər Tədrisi Bölümü və Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy Türkiyədə ilk dəfə yüksək səviyyədə təşkil edilən, Azərbaycan dilinin sistemli öyrədilməsi üzrə Ocağın fəaliyyətini yüksək qiymətləndirib.

O, dil kurslarının Türk dünyasının zəngin mədəniyyəti, ədəbiyyatı ilə seçilən qardaş Azərbaycanın daha dərindən öyrənilməsinə imkan yaratdığını qeyd edərək Azərbaycan dövlətinə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ana dilimizin təbliği istiqamətində layihələr həyata keçirirlər.

Chosen
38
1
teleqraf.com

2Sources