“Ana-Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin fəaliyyətə başlamasından 15 il keçir.
QHT.az xəbər verir ki, bu illərdə İctimai Birliyin təqdim etdiyi bütün layihələr adı respublikamızın donor təşkilatlarının elan etdiyi qrant müsabiqələrinin qalibləri sırasında olmuşdur.15 ildə 15 layihə. Bu Azərbaycan reallığında bölgədə fəaliyyət göstərən ekoloji ictimai təşkilatlar arasında çox nadir hadisədir.
Bu barədə İctimai birliyin sədri Rüstəm Məlikov bildirib. O deyib ki, Kür çayı burada sanki öz qollarını bir ana kimi Salyanın boynuna dolamış və axaraq özünü Xəzərə çatdırır.. Ümumiyyətlə, Kür rayonun ərazisinin təqribən 65 kilometrini iki hissəyə -Aran və Muğan bölgələrinə ayıraraq özünəməxsus təbii gözəllik yaratmışdır. Ona görə də salyanlılar çaya “Ana Kür” adı vermiş, söz adamları şəninə nəğmələr qoşmuş , adını özlərinə təxəllüs seçmişlər.
Kür çayı hövzəsi tarixən xalqımızın həyatında mühüm rol oynayıb. Bu böyük su arteriyası təkcə içməli su, təsərrüfat və kənd təsərrüfatı üçün mənbə deyil, həm də xalqımızın mədəni kimliyində, ədəbiyyatında və mənəvi dəyərlərində xüsusi yer tutur. Lakin sürətli inkişaf, sənaye və məişət tullantılarının çoxalması, iqlim dəyişmələrinin təsiri çayın ekoloji durumunu daim diqqətdə saxlamağı
zəruri edir. İctimai birlik də məhz bu zərurətdən yaranmışdır. 2010-cu il sentyabr ayının 27-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ictimai birliyi hüquqi şəxs- Ana-Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi kimi qeydiyyata almışdır.
“Ana Kür” yarandığı gündən Salyan rayonunun ekoloji problemlərinin öyrənilməsinə kömək etməyi əsas vəzifə kimi qarşıya qoymuşdur. Bu məqsədlə birlik rayonun təbii ekoloji balansının saxlanılmasına , çayın biomüxtəlifliyinin qorunmasına kömək etmək bu sahədə müsbət təcrübəni yaymaqdır.
Bu vəzifələri həyata keçirmək üçün seminarlar, dəyirmi masalar, sərgilər təşkil edir, konfranslar, ekoloji turlar, ağacəkmə aksiyaları, digər mədəni- kütləvi tədbirlər keçirir. Salyan rayonunda yolu Kür çayının sahilindən keçənlər ictimai birliyin könüllüləri tərəfindən əkilmiş xan çinar, qovaq, küknar və digər yaşıl ağacları maraqla seyr edirlər.
İcra etdiyi layihələrin hesabatları donor təşkilatlar tərəfindən də həmişə yüksək balla qiymətləndirilmişdir. Bunun da əsas səbəbi birliyin aidiyyəti dövlət, bələdiyyə orqanları ilə səmərəli əməkdaşlıq etməkdədir.
Hazırda birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi qrant müsabiqəsinə təqdim olunacaq yeni layihə üzərində işləyir. Ömrünün 70- ci ilini yaşayan birlik sədrini təbrik edir və ona yeni –yeni uğurlar arzu edirik