EN

Azərbaycan-BMT münasibətlərində yeni səhifə

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri yeni geosiyasi reallıqda Azərbaycan-BMT münasibətlərində həm ölkəmiz, həm də təşkilat üçün tam yeni səhifədir.  Çünki tarixin heç bir dövründə heç bir Azərbaycan lideri BMT-nin mənzil-qərargahında beynəlxalq hüququn aliliyini təmin etmiş qalib qismində qonaq olmayıb. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bütövlükdə təşkilatın tarixində dünyanın heç bir dövlət başçısı mütləq hərbi-siyasi qələbənin müəllifi kimi BMT toplantılarına qatılmayıb. Sirr deyil ki, təşkilat II Dünya müharibəsi qaliblərinin formalaşdırdığı nizam əsasında yaradılıb, lakin unutmamalıyıq ki, bu müharibədəki qələbə kollektiv mübarizənin nəticəsi idi və heç bir dövlət sonuncu cahan savaşının nəticələrini təkbaşına mənimsəyə və özünü yeganə mütləq qalib hesab edə bilməz. "Azərbaycan Prezidenti isə BMT-nin Nyu Yorkdakı mənzil-qərargahına yalnız Ermənistan yox, onun çoxsaylı havadarları üzərində mütləq hərbi-siyasi zəfər qazanmış, beləliklə, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli və müddəaları heç vaxt yerinə yetirilməmiş qətnamələrinin icrasına təkbaşına nail olmuş, beynəlxalq hüququn aliliyini təmin etmiş lider kimi gəlmişdi. Azərbaycan Respublikası tam suveren dövlət kimi, xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin mövcudluğunu qəbul edərək milli təhlükəsizlik siyasətini daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə hesablanmış formada həyata keçirir. Dövlətimiz milli təhlükəsizlik siyasətinin müxtəlif ölçülü xarakterini nəzərə alaraq beynəlxalq təşkilatlarla əməkdaşlığa təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi üsulu kimi baxır. Xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev hələ 1993-cü ildə o qənaətdə idi ki, miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynadığı üçün Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin də çoxvektorlu xarici siyasət kursu eyni qənaətin davamı olaraq beynəlxalq təşkilatlar platformasında fəal əməkdaşlığın təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına töhfə verdiyi, milli maraqların qlobal siyasətdə müdafiəsinə imkanlar yaratdığı mövqeyindədir. Rəsmi Bakı hər zaman hesab edir ki, beynəlxalq təşkilatlar Azərbaycanın üzləşəcəyi mümkün təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayır. O cümlədən də ölkəmiz 1992-ci ildən üzvü olduğu və dünyanın ən böyük təşkilatı olan BMT-nin sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında rol oynadığını qəbul edərək bu təsisatın simasında ali niyyətlər irəli sürən bütün universal və regional beynəlxalq təşkilatların mövcudluğuna, inkişafına və müasir dünyada baş verən dəyişikliklərə uyğunlaşmasına ciddi önəm verir.

B.Məhərrəmov xatırladıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisi və üzv dövlətlərə müraciət etmiş, Baş Məclisin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilərək təşkilatın Nyu Yorkdakı iqamətgahı qarşısında 181-ci üzv kimi  Azərbaycanın dövlət bayrağı qaldırılmışdır: "Düzdür, BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək, eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açıb. Lakin müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən şəxslərin dünyada gedən siyasi proseslərə, hadisələrin inkişaf meyillərinə tam zidd siyasət yeritməsi, daha dəqiq desək, Ayaz Mütəllibov hökuməti xarici və daxili siyasətində daha çox müstəqil Azərbaycan dövlətinin deyil, öz hakimiyyət maraqlarını qoruması və bu məqsədlə də xarici dövlətlərlə münasibətlərdə birtərəfli siyasət yeritməsi, ziddiyyətli daxili və xarici siyasətin Azərbaycanın iqtisadi, siyasi maraqlarına, onun təhlükəsizliyinə, ərazi bütövlüyünə, suveren dövlət hüquqlarının reallaşmasına cavab verməməsi, AXC-Müsavat birliyinin hakimiyyəti ələ alması ilə isə Azərbaycanda neobolşevizm ab-havasının bərqərar olması, müstəqil dövlətin qarşısında duran vəzifələrin ardıcıllıqla və qətiyyətlə həyata keçirilməməsi ucbatından BMT çərçivəsində fəaliyyət arzuolunan tempə gətirib çıxarılmadı. Azərbaycanın məhz həmin dövrdə BMT-yə üzvlüyü əks arqument kimi irəli sürülə bilərdi, lakin Ulu Öndər Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində ifadə olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi 1980-ci illərin birinci yarısından başlayaraq, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi idi və ardınca baş verən hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının qanuni təzahürü idi".

Deputat bildirib ki, bu mənada birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında münasibətlər Ulu Öndərin hakimiyyətə qayıdışından sonra başlayıb və Azərbaycan Respublikası XXI əsrin problem və təhdidlərinə səmərəli cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədilə, o cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində islahatların aparılmasını dəstəkləyən yol xəritəsi müəyyən edib. Xüsusən Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulub, ölkəmiz təşkilat çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştiraka start verib. Möhtərəm Prezident isə Azərbaycanın BMT çərçivəsində fəaliyyətini tam fərqli müstəviyə keçirməyi bacarmış, Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlığı daha da genişləndirmiş,  təşkilatın seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini artırmışdır. Nəticədə yüksələn nüfuzu Azərbaycana 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyündə təmsil olunmağa imkan vermiş, beləliklə ölkəmizin  beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə mövqeyi möhkəmlənmişdir. 

B.Məhərrəmov bildirib ki, bütün bunların fonunda BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələr qəbul edilib. Lakin qətnamələr icra edilməmiş, o cümlədən BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə "Azərbaycandakı qaçqın və məcburi köçkünlərə təcili beynəlxalq yardım" adlı, 2006 və 2008-ci illərdə isə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələr, habelə müxtəlif dövrlərdə BMT TŞ-nin Sədrlərinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ozamankı ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən bəyanatları real nəticələrə gətirib çıxarmamışdır. Bakı bu sənəd və bəyanatları faydasız hesab etmir, əksinə, qeyd edilən sənədlər Azərbaycanın beynəlxalq hüquqi istinadına, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı mövqeyimizin hüquqi bazisinə çevrildi. "Lakin bəzən qısa müddət ərzində icra olunan BMT TŞ qətnamələrinin 30 il icrasız qalması özlüyündə arzuolunmaz və etimad mühitini sarsıdan məqam idi. Azərbaycanın Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində mütləq hərbi-siyasi zəfəri bu gedişatı dəyişdi və cənab İlham Əliyev status-kvonu ədalətli formata dəyişməklə, əslində, BMT-nin özünü utancdan və etimadsızlıqdan xilas etdi. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyev yeni reallıq yaradan lider kimi 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi Baş Assambleyanın 80-ci sessiyasında arzuolunan lider qismində iştirak edir. Sessiyadan öncə qarşı tərəflərin müraciətləri ilə nəhəng biznes korporasiyaları, "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru, "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru, "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşlər, sessiya çərçivəsində isə təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında elə ilk gündəcə İraq, Keniya, Finlandiya prezidentləri, Yunanıstanın baş naziri və Avropa Şurasının Baş katibi ilə görüşlər və cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak, habelə ABŞ Prezidenti Donald Trampın xüsusi qonaqpərvərlik və diqqətində ifadə olunan münasibət deyilənləri bir daha təsdiq edir", - deyə o əlavə edib.

Deputat deyib ki, Baş Assambleyanın "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş 80-ci sessiyasında qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır.  Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin isə bu mövzuda danışmağa haqqı və deməyə sözü var. İlk növbədə ona görə ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi dövlətimizin və Prezident İlham Əliyevin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən olub. Ölkəmiz sülh və sabitliyə sadiqliyini 30 il ərzinə perspektivsiz danışıqlara sədaqətini qoruyaraq dialoq mühitinə şans verməklə, müharibədə böyük zəfərinə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edən tərəf olmaqla sübut edib. Livan ölçüdə bir ərazi, darmadağın edilmiş, bir milyon insanın didərgin salındığı Qarabağ və Şərqi Zəngəzura böyük quruculuq və bərpa nəticəsində təhlükəsiz və ləyaqətli həyata qayıdışa start verməklə və ən müasir həyat və rifah şəraiti təmin olunmaqla 50 mindən çox insanın dönüşünün təmin edilməsi və prosesin dayanıqlı formada davamı insan hüquqları və əsas azadlıqlara hörmətin ali nümunəsidir.  Bundan başqa, ötən dövrün təcrübəsi də göstərir ki, Azərbaycan dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq fəal üzv kimi beynəlxalq hüququn inkişafı, o cümlədən beynəlxalq hüququn kodifikasiyası məsələlərində rolunu daim artırır. Bu yanaşmadan çıxış edərək, Azərbaycan Respublikası tərəfindən qlobal əhəmiyyətli və ölkəmizin milli maraqlarına uyğun olan təşəbbüslərə uyğun olaraq müvafiq BMT orqanlarında qəbul olunan "İtkin düşmüş şəxslər" və "Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadın və uşaqların azad edilməsi" başlıqlı qətnamələr, digər sənədlər, insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı, insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara diqqətin artırılmasına səylərdə ifadə olunan birgə bəyanatlar ölkəmizin, həmçinin BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirak etdiyini göstərir. 

Siyasətçi qeyd edib ki, xüsusən COVID-19 pandemiyasına qarşı mübarizədə Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyevin təklifi əsasında Hərəkatın təşəbbüsü və BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusuna həsr olunmuş  31-ci xüsusi sessiyasının çağırılması, 23 mart 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü və 137 dövlət həmmüəllifliyi ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edərək peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqət çəkilməsi, ölkəmizin nüfuzunun yüksək olmasından xəbər verirdi. 16 dekabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilməsi,  ölkəmizin BMT-nin  İnsan Hüquqları Şurasının 48 və 50-ci sessiyalarında müvafiq olaraq irəli sürdüyü "Minaların insan hüquqlarına təsiri" və "İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu" mövzularında birgə bəyanatlar bu sahədə dövlətimizin hesablaşılan gücə çevrildiyini göstərməkdədir: "Əlbəttə, bu gün Azərbaycanın BMT çərçivəsində fəaliyyət gündəliyi kifayət qədər zəngindir. Cənab İlham Əliyev xüsusən Vaşinqton görüşündən və  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanmasından sonra hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri rəhbər tutulmaqla Cənubi Qafqaz kimi mürəkkəb bir bölgəyə sülh gətirmək və əməkdaşlıq mühitini bərqərar etməklə elə konfiqurasiyaya nail olub ki, Azərbaycan artıq dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı və BMT-nin məqsədlərinə zidd olan hər hansı bir şəkildə güclə hədələməmə və ya güc tətbiq etməmə, nizamnaməyə əsasən, BMT tərəfindən aparılan fəaliyyətə üzv dövlətlər tərəfindən dəstəyin göstərilməsi, üzv olmayan dövlətlər tərəfindən BMT prinsiplərinə riayət olunma, üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmədə ehtiva olunan prinsiplərin aliliyinin təminatçılarından biri kimi çıxış edir.  Eyni zamanda lokal miqyasda olsa da, bəşəri məqsəd hesab edilən bir sıra vəzifələrin, o cümlədən azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, mina qurbanlarının fiziki və psixoloji reabilitasiyası, keçmiş məcburi köçkünlərin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurdakı doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı,  Ermənistanın təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüş şəxsin taleyinin müəyyənləşdirilməsi məsələləri həllini gözləməkdədir".

Deputat sonda vurğulayıb ki, bu mənada Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı yeni reallıqda yeni milli və qlobal hədəflərin bəyanı və ümumbəşəri proseslərin aktiv oyunçusu qismində ölkəmizin əvəzsiz rolunun bir daha diqqətə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Chosen
39
50
azerbaijan-news.az

10Sources