EN

Bizi gözləyən böyük təhlükə: Suyu havadan, yoxsa yerdən əldə edək?

Mütəxəssislər uzun illərdir xəbərdarlıq edirlər: yaxın illərdə içməli su çatışmazlığı bəşəriyyətin qarşılaşacağı ən böyük qlobal problemlərdən biri olacaq. Artan əhali, dəyişən iqlim, çirklənmə və israfçılıq səbəbindən su ehtiyatları sürətlə tükənir. Azərbaycan üçün də bu problem kifayət qədər aktualdır. Bu təhlükəyə diqqət çəkmək və həll yolları tapmaq məqsədilə ötən həftə Bakıda Su Həftəsi keçirildi. Bu tədbirdə su böhranına qarşı planlar, strateji yanaşmalar və innovativ təkliflər səsləndirildi.

Gələcək layihələr

Layihələrdən biri Azərbaycanda havadan su əldə edilməsidir. Bu layihə üçün mövcud texnologiyaların öyrənilməsi, Azərbaycanın iqlim və relyef şəraitinə uyğunluğunun qiymətləndirilməsi, həmçinin iqtisadi səmərəliliyin hesablanması həyata keçiriləcək. 2026-cı ildə ölkənin müxtəlif bölgələrində bu texnologiyanın tətbiq oluna biləcəyi ərazilər müəyyən ediləcək. Əsasən içməli su qıtlığının müşahidə olunduğu, yerli su mənbələrinin kifayət etmədiyi ərazilərə üstünlük veriləcək. 2027-ci ildə havadan suyun əldə edilməsi üzrə ilk pilot layihənin həyata keçirilməsi planlaşdırılıb.

Eyni zamanda, ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb. Digər bir layihə isə yaxın 15 ildə 26 su anbarının tikintisidir. 2025-2027-ci illərdə dörd, 2027-2030-cu illərdə doqquz, 2030-2040-cı illərdə 13 su anbarının tikintisinin tamamlanması nəzərdə tutulub.

“Bakıda səmərəli deyil”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyevin sözlərinə görə, Azərbaycanda havadan su əldə edilməsi üçün ən əlverişli cənub zonasıdır: “Burada iki əsas prinsip mövcuddur: kondensasiya - havadakı rütubətin soyudulması zamanı suyun alınması və sorbsiya - sorbentlər vasitəsilə rütubət gecə udulur, gündüz qızdırılaraq su ayrılır. Lakin nəzərə alınmalıdır ki, bu texnologiya havadakı rütubətin normadan çox olduğu ərazilərdə tətbiq edilə bilər. Respublika üzrə rütubətin yüksək olduğu ərazilərdən biri cənub zonasıdır. Burada orta illik rütubət 74% təşkil edir və sözügedən texnologiyanın tətbiqi üçün uyğundur. Bakı şəhəri və Abşeron yarımadası Xəzər dənizi sahilində yerləşdiyi üçün yarımsəhra iqliminə aid olmasına baxmayaraq, nisbi rütubət yüksəkdir. Burada orta illik nisbi rütubət 70–75% intervalındadır. Lakin bu göstərici fəsillər üzrə fərqli ola bilir. Məsələn, yayda 55–65% (ən aşağı səviyyə), qışda 80–85% (ən yüksək göstərici) təşkil edir. Yayda rütubətin aşağı düşməsi və yüksək enerji sərfi səbəbindən böyük şəhərlərdə (məsələn, Bakıda) əhalinin kütləvi su təchizatı üçün texniki baxımdan mümkün olsa da, iqtisadi cəhətdən sərfəli deyil. Ciddi hesablamalar aparılsa, bu metod mikroiqlimə və ekosistemlərə ciddi mənfi təsir göstərmir”.

“Azərbaycanda tətbiqi realdır”

Ekspert yeraltı suların minerallaşması layihəsindən də söz açdı: “Azərbaycanda duzlu və ya minerallaşmış yeraltı sular daha çox Abşeron yarımadasında, Kür-Araz ovalığında, xüsusilə Salyan, Neftçala və Sabirabad rayonlarında, həmçinin Naxçıvan və Qobustan ərazilərində yayılıb. Bu bölgələrdə qrunt suları səthə yaxın yerləşdiyi üçün intensiv buxarlanma və dəniz suyunun intruziyası nəticəsində duzluluqları artır. Belə suların təmizlənməsi üçün ən effektiv qurğular tərs osmoz və nanotexnologiya sistemləridir. Bu texnologiyalar yüksək və orta minerallaşmış sular üçün daha qənaətlidir və Azərbaycanda tətbiqi realdır. Yüksək minerallaşmış sular üçün elektrodializ və hibrid üsullar da mümkündür, amma daha bahalıdır. Azərbaycanda suların təmizlənməsində nanotexnologiyadan istifadə təcrübəsi mövcuddur. Belə ki, 2015-ci ildən fəaliyyətə başlamış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə içməli suyun keyfiyyəti beynəlxalq standartlara uyğun səviyyədə təmin edilir. Burada tətbiq olunan ultrasüzgəc texnologiyası suyun tərkibindəki mikroorqanizmləri, duzları və digər çirkləndiriciləri yüksək dəqiqliklə təmizləməyə imkan verir. Bu kompleks hazırda Bakı və Abşeron yarımadasının böyük bir hissəsinin su təminatında əsas rol oynayır”.

Chosen
54
45
publika.az

10Sources