EN

Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...


ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynaya “Tomahawk” raketlərinin tədarükü ilə bağlı müəyyən mənada qərar verib. Amma öncə Ukraynanın onlarla nə edəcəyini bilmək istəyir: “Onları haraya göndərəcəklər? Bu sualı vermək istəyirəm”. O, eskalasiya istəmədiyini, müharibənin bitməsini tələb etdiyini bir daha vurğulayıb. Raketlərlə bağlı nə vaxt yekun qərar verəcəyi haqda heç nə deməyib.

ABŞ mediası administrasiyadakı mənbələrə istinadən bildirib ki, daha öncə Ukrayna prezidenti Volodimir Zelenski Trampla Nyu-Yorkdakı son görüşündə ondan “Tomahawk” raketlərinin mümkün tədarükünü istəyib. Son vaxtlar ABŞ Ukraynaya silahı birbaşa tədarük etmir, silahlar NATO ölkələrinə satılır, onlar vasitəsilə Ukraynaya göndərilir. “Tomahawk” raketlərinin tədarükünün necə təşkil edilə biləcəyi, digər detallar dəqiq bəlli deyil. ABŞ ordusunun arsenalında, əsasən, dənizdən, xüsusilə də sualtı qayıqlardan atılanlar raketlər var. Rusiya prezidenti Vladimir Putin daha öncə bildirib ki, “Tomahawk” raketlərinin Ukraynaya tədarükü müharibənin gedişatını dəyişməyəcək, amma bu, ABŞ ilə Rusiya arasında əlaqələrin dağılmasına gətirər. Rusiyalı politoloq İqor Korotçenko isə bildirir ki, Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya verilməsi ABŞ və Böyük Britaniyanın Rusiyaya müharibə elan etməsinə bərabər olar. Onun sözlərinə görə, Rusiyaya zərbələr Ukrayna ordusu tərəfindən deyil, amerikalılar və ingilislərdən ibarət birləşmələr tərəfindən həyata keçiriləcək: “Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, müharibə üçün bəhanədir. Nəticə etibarı ilə Rusiya cavab verməli olacaq və təbii ki, təkcə Ukrayna ərazisinə deyil. Sistemlərimizin əksəriyyəti "Tomahavk" raketlərini ələ keçirə bilər, lakin bir neçə istiqamətdən kütləvi hücum ciddi problemlər yaradar”. O vurğulayıb ki, bu məsələ yalnız bir yolla həll oluna bilər və bu, Amerika raketləri gələnə qədər edilməlidir - Ukraynada elektrik enerjisi kəsilməlidir: “Biz Zelenski rejimini elektrik enerjisi və yanacaqdan məhrum etməliyik, o zaman diz çöküb Rusiyanın şərtləri ilə sülh sazişi imzalamaq üçün sürünərək gələcək”. Digər rusiyalı politoloq Sergey Markov da məsələyə münasibət bildirib: “Ukrayna Prezidenti hava müharibəsinə moratorium qoymağa çağırıb. Bu, o deməkdir ki, həm Rusiya, həm də Ukrayna pilotsuz təyyarələr və raketlərlə zərbələri dayandırır. Bu təklifin məqsədləri: 1. Rusiya raketlərdə və uzaq mənzilli pilotsuz uçuş aparatlarında aşkar üstünlüyə malikdir. Üstünlük isə ərazinin strateji dərinliyindədir. Havadan atəşkəs Rusiya üçün bu üstünlüyü aradan qaldıra bilər. Bununla da Ukraynanın mövqeyi kəskin şəkildə güclənir. 2. Rusiyanın atəşkəslə razılaşmaqdan imtina etməsi Zelenskinin Trampa ya “Tomahavk”, ya da daha çox ATACMS raketi əldə etməsi və ən əsası, Baydenin dövründə olduğu kimi, Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə Kiyevi ABŞ ordusunun peyk məlumatları ilə təmin etməsi üçün təzyiq göstərməsinə səbəb ola bilər. 3. Bu, Zelenskiyə Moskvaya güclü zərbələr endirmək arzusunu reallaşdırmağa imkan verəcək ki, o, Rusiya rəhbərliyini bomba sığınacaqlarından istifadə etməyə məcbur etsin. 4. Zelenski və onun arxasında dayanan Britaniya, eləcə də Fransa kəşfiyyat orqanları da moskvalıları qorxuya salmaq istərdilər. Onlar bununla Moskvada etirazlar oyatmaq və Rusiya siyasətini güc yolu ilə dəyişmək arzusundadırlar”.

Qeyd edək ki, “Tomahawk” çoxməqsədli raketləri 1250-2500 km məsafə qət edə bilir. Onlar komanda məntəqələrini, radarları, hava hücumundan müdafiə batareyalarını, aerodromları və digər hədəfləri məhv etmək üçün 1970-ci illərdə “General Dynamics” tərəfindən hazırlanıb. Zelenski bildirib ki, bu raketlər Rusiya prezidenti Vladimir Putini sülh sazişini müzakirə etmək üçün danışıqlar masasına oturmağa inandırmağa kömək edəcək. Hərbi müşahidəçisi Pavel Aksyonov qeyd edir: “Tomahawk” raketləri əvvəlcə dəniz bazalı idi. Ukraynada hazırda bu tip silahları yerləşdirmək üçün reaktiv daşıyıcı sistemlər yoxdur. Lakin ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çıxdıqdan sonra onlar “Tomahawk”ı atmağa qadir olan yeni quruda yerləşən “Typhon” atıcı qurğusunu hazırlayıb hərbçilərə təhvil verməyə başladılar. Buna görə də belə sistemlərin Ukraynaya daha çox ötürülməsi ehtimalı var”. Ukraynalı ekspert Roman Svitan isə bildirir: “Tomahawk”ların yarım tonluq döyüş başlığı var. Bu, çox təsirli silahdır. “Tomahawk” ABŞ ordusunun əsas raketidir. Onların minlərləsi ABŞ-da xidmətdədir. Kiyev uzun müddətdir ki, bu raketləri tələb edir. Əgər onların tədarükü ilə bağlı qərar qəbul olunarsa, kadr hazırlığı da lazım olacaq. Bu, Avropada edilənlərə bənzəyir. “Tomahawk”ın yalnız Amerika hava hücumundan müdafiə sistemi və aerokosmik qüvvələri tərəfindən buraxıla bilər”. “Tomahawk” lar nüvə enerjisi ilə işləyən hücum sualtı qayıqları və ballistik raket sualtı qayıqları ilə daşınır. Hər bir sualtı qayıq onlarla raket daşıyır. Roman Svitan qeyd edir ki, hazırda ABŞ-dan başqa, yalnız Böyük Britaniya “Tomahawk”ları idarə edir. Hərbi tədqiqatçı Kirill Mixaylov deyir: "Bunlar ABŞ-ın bu ilin iyununda İranın nüvə obyektlərinə zərbələr endirərkən fəal şəkildə istifadə etdiyi uzaqmənzilli qanadlı raketlərdir. Son illərdə “Typhon” sistemindən istifadə edərək qurudan belə raketləri buraxmaq qabiliyyətinin ortaya çıxması vacibdir. Əgər bu cür raketlər Ukraynaya verilərsə, bu, çox güman ki, quruda yerləşən versiya olacaq. Rusiyanın bu cür raketlərə qarşı müdafiə sistemləri var. 2017 və 2018-ci illərdə Suriyada hava hücumundan müdafiə sistemləri kifayət qədər məhdud sayda olsa da “Tomahawk”ları vurub”.

Nahid SALAYEV

Chosen
55
17
baki-xeber.com

10Sources