Sirr deyil Dağlıq Qarabağ münaqişəsindən dolayı Azərbaycan dövləti xarici siyasətdə xüsusilə həssas idi. Və yəqin elə bu üzdən idi ki, Azərbaycanın vətən müharibəsinə qədər apardığı iç "siyasi budama" işindən xarici siyasət idarəsi və onun rəhbərliyi kənarda qalmadı. XİN həm də məhz Dağlıq Qarabağ münaqişəsindən dolayı böyük dövlət vəsaitlərinin sərf olunduğu sahədir. Əvvəl də, indi də. Düzdür indi "aydan arı", "sudan duru" elə sabiq və hələ də xidmətdə olan səfirlər, konsullar, xüsusi nümayəndələr var ki, fəaliyyətləri üz qarasıdır. Ancaq həm də baş ucaldan diplomatlarımız var. Böyük bir sahədə çalışan hər kəsə hikkəsi böyük, bacarığı xırda adamdan dolayı üz qarası demək ədalətsizlik olardı.
Publika.az xəbər verir ki, Musavat.com bu və digər məsələlər ətrafında Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovdan müsahibə hazırlayıb.
Söhbətə niyə zərurət yaranıb deyən olsa, bəri başdan cavab verirəm. Moldovadakı Azərbaycan səfirliyi ən bərbad vəziyyətdə olan diplomatik nümayəndəliklərdən idi. Binası yararsız, təmirsiz, konsulluğu zirzəmidə, səfiri də kilsədə mühazirə deməkdə. Nə isə başlayaq söhbətə, görək hazırki səfir nə deyir, dünən və bu gün haqda?!
-Əlində bel tutan diplomat görmək qəribədir. Şərqli məmur obrazı deyi bu. Yeni şərqli məmur obrazıdır bəlkı də. Amma bəlkə diplomatiya elə həm də budur, lazım gələndə dövlətin üçün beli əlinə ala bilmək...
-Düz təxmindir. İşdən çəkinmək olmaz. Bizim səfirliyin mənə qədərki durumu son dərəcə bərbad idi. Konsulluq zirzəmidə yerləşirdi, həyətyanı sahəsi bərbad idi. Təhlükəsizlik sistemi mövcud deyildi. Hətta qonşu evdən kim istəsə səfirliyin həyətinə rahatça adlaya bilərdi. Bu səfirlik üçün ciddi təhlükə idi. Üstəlik müəmmalı işçi sayı vardı. Kimliyi bəlli olmayan adamlar işə cəlb edilmişdi. İlk işçilərdən başladıq. Tanımadığımız adamları işdən uzaqlaşdırdlq...
-Bu nə üçün edilirdi?