35 il əvvəlin oktyabrında Sovet İttifaqının sonuncu rəhbərinə Nobel niyə verilmişdi?; Müstəqillik aktına qarşı çıxanların siyahısına yenidən baxın- Mehdiyevin kadrları olduğuna şübhə etməyəcəksiz...
Ənənəvi olaraq oktyabrda keçirilən “Nobel həftəsi” bitdi, mükafatlandırılanların adı bilindi. Hələ Nobel almaq bizlərə nəsib olmasa da, hər il bu mükafatlar veriləndə Azərbaycanda qanqarıdıcı mövzu gündəmə gəlir. Söhbət 1990-cı ilin oktyabrın 15-də, Bakıdakı qanlı 20 yanvar qırğınından 9 ay sonra SSRİ prezidenti Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsindən gedir.
İki gün əvvəl norveçli münsiflərin bu qərarında 35 ili tamam oldu, amma Qorbaçovun mükafatlandırılması ətrafında yaranmış mübahisələr, etirazlar hələ də davam edir. Həm də bu etirazlar Azərbaycanda deyil, məsələn, özünü SSRİ-nin varisi sayan Rusiyada da Qorbaçova bu ali mükafatı Qərbin dağıdıcı planlarını yerinə yetirdiyinə görə verildiyini deyirlər. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bugünlərdə deyib ki, Nobel Sülh Mükafatı verildikdən dərhal sonra Qorbaçov partiyadan qovulmalı idi. Spiker hesab edir ki, belə mükafat “dövlətləri məhv edənlərə” verilir.
Heç kim inkar etmir ki, Qorbaçov Qərbdə həqiqətən də öz ölkəsindən qat-qat daha populyar idi. Mixail Sergeyeviçin “Nobel sülhünə” niyə layiq görüldüyü haqda təqdimat gəlişi gözəl sözlərlə dolu idi: “Beynəlxalq birliyin həyatının mühüm tərkib hissəsini səciyyələndirən və ideoloji, dini, tarixi və mədəni fərqlərdən asılı olmayaraq, onun aktual problemlərinin həlli üçün yeni imkanlar açan sülh prosesində aparıcı roluna görə...” Əlbəttə ki, bunlar SSRİ-dəki hadisələrə baxanda qırmızı yalan idi. Formal olaraq Qobaçovun namnizədliyini Almaniya irəli sürmüşdü. Əslində isə əksəriyyət yenə də o qənaətdədir ki, Qorbaçov birləşdirici deyil, dağıdıcı fiqur idi. Təsadüfi deyil ki, bu mükafatı aldığının ikinci ilindən Sovet İttifaqı özü belə mövcud deyildi...
Qorbaçova Nobel mükafatı üçün təqdimat 1991-ci ilin yayında keçirildi. İnternet resurslarında onun Osloda çıxışının mətni var. O, uzun çıxışında sovet xalqlarının keçdiyi “əzablı yollara” da ötəri olsa da nəzər salıb. Qorbaçov hakimiyyətində Alma-Atada qanlı qırğınlar baş vermiş, Qarabağda erməni separatizmi baş qaldırmış, Fərqanədə, Oş, Əndicanda milli zəmində iğtişaşlar törədilmiş, Bakı,Tiflis və Vilnüsdə qırğınlar olmuşdu. Bunların arasında əlbəttə ki, ən dəhşətlisi 90-cı ilin 20 yanvarında məhz Qorbaçovun əmri ilə Bakıda töridilmiş qırğınlar idi. Guya zorakılığa qarşı olan Qorbaçov Nobel mərasimində çıxışında bu faktları yada salmadı. Hətta dedi ki, guya SSRİ ərazisində baş vermiş hadisələr “yenidənqurma”dan deyil, yenilikləri rədd edən qüvvələr tərəfindən törədilib. Qorbaçova Nobel vermiş Qərb əlbəttə ki, bu qırğınlardan, xüsusilə Bakıda törədilmiş vəhşiliklərdən xəbərdar idi. İkili standartlar o vaxt siyasətdə aktiv termin deyildi, amma 35 il əvvəlin oktyabrında Qorbaçova verilmiş mükafat ədalətsiz, tərəfli və böyük yanlış idi. Bu il Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları hətta Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Qorbaçovun mükafatının geri alınması haqda açıq məktub da göndərdilər. Hələ də reaksiya yox...
Aydındır ki, Qorbaçovun Qərbə etdikləri yaxşılqlara görə ona Nobel az idi, hətta heç nə idi. Qorbaçov Qərb dünyasının təkqütblü dünya düzəni yaratmasının yolunu açdı, nüvə müharibəsi, yeni Karib krizislərinin qarşısını SSRİ-ni dağıtmaqla aldı. Cəhənnəm olsun SSRİ də, onun mirası da! Təəssüf ki, imperiyanın dağılması prosesində ən böyük zərbəni Azərbaycan aldı. 20 Yanvar bu faciələrin yalnız başlanğıcı idi, sonra hamar olmayan müstəqillik yolu, 30 il davam edən Qarabağın işğalı...
Oktyabrın 18-də Azərbaycanın Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasının 34-cü ili tamam olur. Hər təqvim ilində daha bir mübahisəli və qanqaraldan mövzu da gündəmə gəlir: Azərbaycan müstəqilliyin bərpasında niyə gecikmişdi? Tarixi qurdalayanda həqiqətən də elədir, Rusiya belə öz müstəqilliyini elan etmişkən, Azərbaycan nəyi gözləyirdi? SSRİ-nin dağılmasının ən böyük zərbəsi Azərbaycana dəydi deyəndə həm də onu nəzərdə tuturam ki, bu respublikada imperiyadan ayrılmaq istəməyən hakim zehniyyət vardı. Ramiz Mehdiyev bu gün dövlətə xəyanətdə suçlanır, adı Milli Məclisdə müstəqilliyə qarşı çıxanlar sırasında yoxdur, amma tapıb yenidən baxın o siyahıya, Mehdiyevin kadrları olduğuna şübhə etməyəcəksiz, pisi odur ki, bəziləri hələ də deputatdır.
Azərbaycan 1991-ci ilin oktyabrın 18-də müqavimətə baxmayaraq, Müstəqillik hasqında Konstusiya Aktının qəbul etdi, həmin ilin dekabrında keçirilmiş ümumxalq referendumunda iştirak etmiş seçicilərin 95 faizi isə ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi!
Bu gün o müstəqillik Xankəndində də bayram kimi üçüncü dəfə qeyd ediləcək. Bu oktyabrda Qorbaçov kimiləri nəhayət, tarixin zibilliyində buraxmaq, Azərbaycanın bu gün üçün sevinmək, gələcəyi üçün çalışmaq lazımdır...
Müstəqlilliyimiz əbədi olsun!
Nazim SABİROĞLU,
Musavat.com