EN

“İraq-türkman dilinin qrammatikası” kitabı nəşr edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycanlı alimlərin dəstəyi ilə İraq tarixində ilk dəfə “İraq-türkman dilinin qrammatikası” kitabı nəşr olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycanda yerləşən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasından (ABİA) məlumat verilib. ABİA-nın təşəbbüsü və təşkilatçılığı, AMEA Şərqşünaslıq İnstitututun şöbə müdiri dosent Elnur Mustafayevin və Bağdad Universitetinin professoru Mahmud Xəlil Çayırlının həmmüəllifliyi, AMEA Şərqşünaslıq İnstitutunun və Bağdad Fəlsəfə Akademiyasının tərəfdaşlığı ilə Azərbaycan dili ilə müqayisəli təhlil əsasında ilk dəfə olaraq İraq türkman dilinin qrammatik bazası hazırlanaraq nəşr edilib.

Qeyd edək ki, İraq türkman dili və ədəbiyyatı ilə bağlı indiyədək istər İraqın özündə, istər Türkiyə, istərsə də Azərbaycanda çoxsaylı araşdırmalar, kitablar və tədqiqat məqalələri yazılsa da İraq türkman dili qrammatikasını tam əhatə edən kitab yazılmamış, indiyədək bu sahədə irəli sürülən təşəbbüslər, türkman qrammatikasının yalnız bir qismini əhatə etmişdi.

Hazırkı kitab-araşdırmada İraq türkman dilinin fonetik, morfoloji və sintaksis qrammatik qanunauyğunluqlarının Azərbaycan dili qrammatikası ilə müqayisəli təhlili aparılaraq tam uyğunluğu müəyyən edilmiş və türkman dilinin müstəqil qrammatikasının ilkin bazasının əsasları təqdim edilib.

ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərovun bildirdiyinə görə, “Hazırkı nəşr bu istiqamətdə yalnız ilk və kiçik təşəbbüsdür və bu nəşrin əsas məqsədi, 4 milyona yaxın türkman əsilli vətəndaşın yaşadığı İraq cəmiyyətində türkman dilinin qorunması, İraq-türkman dilinin akademik səviyyədə qrammatik bazasının və vahid ədəbi dilinin formalaşmasına töhfə verməkdir. Gözləntimiz, bu addımın İraqın türkman akademik dairələrində yeni təşəbbüslərə təkan verəcəyi və daha mükəmməl kitab və araşdırmaların ortaya çıxmasıdır. Xüsusən nəzərə alsaq ki, İraq hökuməti də yerlərdə türkmanların dili və mədəniyyətinin qorunmasına yönəlik təşəbbüslərə dəstək verir”.

Kitab artıq Azərbaycan və ərəb dillərində (o cümlədən türkman dili qaydalarının ərəb qrafikası ilə) nəşr olunub və yaxın zamanlarda hər iki ölkədə təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, artıq bir neçə ildir ABİA-nın təşəbbüsü ilə İraqda türkmanların identikliyinin qorunmasına yönəlik müxtəli layihələr uğurla həyata keçirilməkdədir.

Chosen
70
3
azertag.az

4Sources