EN

Azər Həşimov: “Məğlubiyyətə layiq olmadığımız halda uduzduq”

“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Tovuz və Yevlax təmsilçilərinin bu gün Şamaxıda baş tutmuş görüşü “Turan Tovuz”un 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna hazırlaşmaq üçün 4 gün vaxtımız oldu. Biz hesabda öndə olduğumuz vaxt rəqibin heç bir qol imkanı olmadı. Futbolda belə hallar olur ki, yaxşı oynayırsan, amma məğlub olursan. Sevindirici haldır ki, bu gün kapitanımız Araz Abdullayev meydana çıxdı. Bəhanələr gətirməyi xoşlamıram. 14 il sonra “Karvan” yenidən Premyer Liqadadır. Qarşıda çox oyun var. Öz işimizi vicdanla, ləyaqətlə görürük, əlimizdə olan imkanlara uyğun iş görməyə çalışırıq. Bu gün komanda əzmkar futbol oynadı. Onlara təşəkkür edirəm. Məğlubiyyətə layiq olmadığımız halda uduzduq. Daha yaxşısını etməyə çalışacağıq. Fərdi keyfiyyətlər öz sözünü deyir. Məşqçi meydana çıxıb futbolçunun yerinə nəsə edə bilməz. “Karvan”ın Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik.

Kamran İbrahimov ilk hissədən sonra özünü yaxşı hiss etmirdi, ona görə də dəyişiklik etdik. Əmrah Bulud onu layiqincə əvəzlədi.

İstənilən sahədə səhvlər olur. Bu gün komandamın məğlub olması mənim səhvim idi. Çox təəssüf ki, xal qazana bilmədik, futbolda belə hallar olur.

Məşqçinin işi elədir ki, hardasa bir axsama görür və dəyişiklik etmirsə, deməli, o, iş görmür. Bəhanə kimi demək istəmirəm, yeni komandayıq. Bacardığımız qədər ən yaxşısını etməyə çalışacağıq. Rəhbərlik tərəfindən də dəstək var. Sadəcə olaraq, şərait baxımından gözləyirdik ki, öz meydanımızda, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Amma bu məsələ hələ də öz həllini tapmır. Bu amil də nəticələrimizdə müəyyən qədər təsirini göstərir”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
58
3
arena.az

3Sources