EN

AzMİU-da Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfərin 5 illiyinə və “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Zəfərlə Möhürlənən Suverenlik” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir  ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramla başlanıb. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov açaraq bildirib ki, 5 il əvvəl – 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi, milli qürur və birliyimizin simvoluna çevrilən böyük Zəfəri qazandı. “Bu Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını daha da möhkəmləndirdi, Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatını yaratdı”, – deyə o vurğulayıb.

Sonra qonaqlar çıxış ediblər.

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu qeyd edib: “Zəfərimiz təkcə hərbi qələbə deyil, milli ideologiyanın və milli birliyin təntənəsidir. Bu müharibə xalq, ordu və dövlət rəhbərliyi arasında misilsiz bir həmrəyliyin göstəricisi oldu. Biz bu gün suverenliyimizi təkcə beynəlxalq hüquqda deyil, həm də real məkanlarda təsdiq etmiş bir dövlətik”.

Millət vəkili, həmçinin gənclərə müraciətlə bildirib ki, suveren dövlətin qorunması üçün hər bir vətəndaş bilikli, məsuliyyətli və vətənpərvər olmalıdır.

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə çıxışında Azərbaycanın dövlət idarəçiliyində sabitlik, diplomatik çeviklik və hərbi modernləşmənin Zəfərin qazanılmasında mühüm rol oynadığını qeyd edib: “Azərbaycanın hərbi-siyasi strategiyası Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində milli gücə çevrildi. Bu gün Konstitusiyamızda təsbit olunan suverenlik prinsipi artıq işğaldan azad edilmiş torpaqlarımızda real həyat tapıb. Bu, gələcək nəsillər üçün ən böyük dövlətçilik dərsidir”.

Milli Müdafiə Universiteti Rektorunun Elm və Təhsil üzrə müavini, general-mayor Arif Həsənov isə ordunun peşəkar hazırlığından və elmi-analitik düşüncənin müasir hərbi təlimlərdə rolundan danışıb: “Azərbaycan Ordusu yalnız döyüş meydanında deyil, intellektual müstəvidə də qalib ordudur. Biz bu qələbəni elmi əsaslı hərbi idarəetmə, yüksək texnologiyaların tətbiqi və strateji düşüncə sayəsində qazandıq. Gənclərimiz bu qələbədən dərs götürməli, elmi və texnoloji biliklərlə silahlanmalıdır”. 

Milli Müdafiə Universiteti rektorunun müavini, professor İbrahim Ethem Atnur qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinə diqqət çəkib: “Azərbaycanın qazandığı Zəfər həm də Türk dünyasının Zəfəridir. Türkiyə və Azərbaycan bir millət, iki dövlət olaraq bu qələbənin mənəvi və siyasi yükünü birlikdə daşıyır. Qarabağda, Zəngəzurda həyata keçirilən quruculuq işləri Türk birliyinin gələcək inkişafına yeni nəfəs gətirir”. 

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev öz çıxışında şəhidlərin və qazilərin qəhrəmanlığını xüsusi vurğulayıb: “Zəfər təkcə döyüş meydanında qazanılmadı – o, illərlə xalqın qəlbində yetişən Vətən sevgisinin, əqidənin və sədaqətin nəticəsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix bizim gələcəyimiz üçün məsuliyyət və şərəf örnəyidir”. 

44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda AzMİU-da təhsilini davam etdirən Rəvan Vəzirov döyüş xatirələrindən danışaraq, tələbə kimi azad və güclü Azərbaycanda oxumağın qürurunu bölüşüb: “Biz döyüş meydanında Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” sözlərini öz qanımızla təsdiqlədik. Bu gün isə həmin azad torpaqlarda qurulan hər bir bina, salınan hər bir yol bizim Zəfərimizin davamıdır. Mənim üçün bu universitetdə oxumaq təkcə təhsil deyil, həm də gələcəyin mühəndisi kimi Vətənə xidmət deməkdir". 

Rəvan çıxışının sonunda Şəhid silahdaşlarının xatirəsini ehtiramla anaraq, gəncləri elm və peşəkar biliklərlə Vətənə xidmət etməyə çağırıb.

Tədbirdə çıxışlar gənclərin böyük marağı ilə qarşılanıb. Sonda iştirakçılar Dizayn fakültəsinin ikinci kurs tələbələrinin 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin xatirəsinə ithaf etdikləri sərgiyə baxış keçiriblər.

Chosen
36
1
unikal.az

10Sources