AZ

Azərbaycanın Tükənməz Sərvəti: Elm və İntellektual Güc

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı ölkənin elm siyasətinin strateji istiqamətlərini müəyyənləşdirən konseptual sənəd xarakteri daşıdı. Dövlət başçısının məruzəsi təkcə Akademiyanın keçdiyi tarixi yola qiymət deyil, həm də Azərbaycanın gələcək inkişaf fəlsəfəsinin elmi və intellektual əsaslara söykəndiyini nümayiş etdirdi.

Geniş və ətraflı nitqində Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, Azərbaycan elmi təsadüfən deyil, dövlətçilik strategiyasının tərkib hissəsi kimi qorunub və formalaşdırılıb. Bu siyasətin başlanğıcı Ulu Öndər Heydər Əliyevin rəhbərlik dövrlərinə gedib çıxır. Hələ ötən əsrin 70-ci illərində yeni elmi-tədqiqat institutlarının yaradılması, gənclərin ən nüfuzlu ali məktəblərə göndərilməsi, elmə ayrılan vəsaitlərin artırılması məhz Heydər Əliyevin qərarları hesabına baş vermişdi. Prezident xatırlatdı ki, həmin illər ölkənin intellektual potensialının formalaşdığı dövr idi. Bu kurs müstəqillik illərində də dəyişməyib — elm siyasi prioritet statusunu saxlayıb.

Çıxışda vurğulanan faktlardan biri diqqəti cəlb edir: dövlətin maliyyə imkanlarının demək olar ki, olmadığı, ölkənin humanitar fəlakətlə üzləşdiyi, torpaqların işğal altında qaldığı 1993–2003-cü illərdə belə Akademiyanın qorunması üçün vəsait ayrılmışdı. Prezident bu nüansla göstərdi ki, elm Azərbaycanda heç vaxt ikinci plana keçirilməyib; ən çətin dövrdə belə elm müstəqil dövlətin təməl sütunu kimi dəyərləndirilib.

Müstəqillik dövründə isə elm yalnız saxlanılmadı — dövlət tərəfindən sistemli şəkildə gücləndirildi. İlham Əliyevin prezidentliyi dövründə elmin maddi-texniki bazasının yenilənməsi, Akademiya şəhərciyindəki qeyri-profil qurumların çıxarılması, elmi kitabxana və Milli Ensiklopediya binasının tikilməsi, Elm Fondunun yaradılması, “Elm haqqında” Qanunun və Milli Strategiyanın qəbulu məhz bu siyasətin nəticəsidir. Dövlət başçısı qeyd etdi ki, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb; bu isə elmin artıq xərclənən deyil, gələcək üçün investisiya olunan sahə kimi dəyərləndirildiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında mühüm siyasi tezis də səsləndi: Azərbaycanın son on ilinin əsas göstəricisi yalnız iqtisadi yüksəliş deyil, torpaqların azad edilməsi və suverenliyin tam bərpasıdır. Dövlət başçısı bildirdi ki, ölkə bu Qələbəyə nail olmaqla dünyada nadir presedent yaradıb — parlaq və tam nəticə əldə etmiş ikinci bir nümunə yoxdur. Bu fikir, əslində, elmin rolunu bir daha vurğulayır: Qələbə yalnız hərbi güclə deyil, planlı idarəetmə, texnoloji modernləşmə və intellektual hazırlıqla təmin olunub.

Artıq yeni mərhələyə keçid baş verir. Prezident çıxışında bildirdi ki, bu gündən əsas prioritet texnoloji inkişafdır. Müasir dünyada ölkələrin gücü təbii sərvətlərlə deyil, elmi və texnoloji imkanlarla ölçülür. Ərzaq, enerji və milli təhlükəsizlik anlayışları dəyişir, dövlətlərin gələcəyi süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik üzərində qurulur. Elə buna görə də Prezident süni intellekti ölkənin gələcək inkişaf modelinin ayrılmaz hissəsi kimi təqdim etdi. Kibertəhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olması və bu sahədə qabaqcıl beynəlxalq şirkətlərlə geniş proqramların icrası da çıxışda xüsusi qeyd edildi.

Nitqin konseptual yekunu bir cümlədə cəmlənir: tükənməz sərvət intellektual potensialdır — əgər ona sərmayə qoyularsa. Dövlət sərmayə qoyur, elm isə nəticə yaratmalıdır.

Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan artıq prosesləri izləyən deyil, prosesləri yaradan dövlətdir. Prezidentin nitqində səslənən mesajlardan aydın olur ki, Azərbaycanın gücü təkcə hərbi-siyasi qüdrətində deyil, həm də sabitlik və əməkdaşlıq yaradan dövlət kimi oynadığı roldadır.

Fatma Xıdırlı, 

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Seçilən
54
2
unikal.az

10Mənbələr