EN

Politico: Aİ və Belçika 7 noyabrda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini müzakirə edəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Avropa Komissiyasının və Belçika hökumətinin yüksək vəzifəli nümayəndələri 7 noyabrda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələsini müzakirə etmək üçün xüsusi görüş keçirəcəklər. Məlumata əsasən, 4 noyabrda bu məsələ Aİ ölkələrinin maliyyə nazirlikləri səviyyəsində müzakirə olunsa da, tərəflər irəliləyiş əldə edə bilməyib. 5 noyabrda mövzu Aİ ölkələrinin daimi nümayəndələri komitəsinin iclasında yenidən gündəmə gətiriləcək. Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib ki, qərarın qəbulunun uzanması Rusiyanın aktivlərinin müsadirəsini daha da çətinləşdirəcək. Hazırda Belçikada yerləşən Euroclear şirkətinin balansında böyük həcmdə Rusiya aktivləri saxlanılır. Brüssel həmin vəsaitlərin müsadirəsini bloklayır və Avropa Komissiyasından o halda kompensasiya risklərini bölüşməyi tələb edir ki, Rusiya bu qərarı məhkəmədə uğurla mübahisələndirsin.
Aİ-də narahatlıq artır: əgər rus aktivləri müsadirə edilməsə, Ukraynaya maliyyə dəstəyi üzv ölkələrin milli büdcələri hesabına həyata keçirilməli olacaq. Nəşrin yazdığına görə, Ukrayna əlavə maliyyələşməsiz artıq gələn ilin yazında ciddi vəsait çatışmazlığı ilə üzləşəcək. Görüşdə Avropa Komissiyası Belçikaya Ukraynanın maliyyələşdirilməsi üçün alternativ variantlar - o cümlədən birgə borclanmalar  təklif etməyi planlaşdırır. Brüsseldə ümid edirlər ki, təqdim olunan alternativlər Belçikanın mövqeyinin yumşalmasına səbəb olacaq. Belçika yalnız kompensasiya risklərinin bütün Aİ üzrə bölüşdürülməsini deyil, həm də bu risklərin 2028-2035-ci illər üçün Aİ büdcə planlamasında nəzərə alınmasını tələb edir. Bundan əlavə, ölkə üzv dövlətlərin sanksiyaların uzadılmasına veto qoymaq hüququnun məhdudlaşdırılmasını istəyir, çünki hazırkı sistemdə bir ölkənin vetosu sanksiyaların, o cümlədən rus aktivlərinin dondurulmasının qüvvədən düşməsinə gətirib çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
57
olaylar.az

1Sources