EN

Qurban Qurbanov: “Çelsi” ilə oyunu müdafiədən qurmamışdıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Çelsi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İngiltərə klubları arasındakı görüş bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Xallarımızın üzərinə xal gəlibsə, qazanmış hesab edirəm. Xal itirdiyimizi deməzdim. Çox şükür. Sıfır da ola bilərdi. 7 xal oldu. Demək ki, bir xal qazanmışıq.

Bəli, 10 nəfərlə qol vurduq. Ola bilər ki, rəqib o dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki rəqibin də 10 nəfər qaldığı dəqiqələr oldu. Əksinə, biz rəqibin üzərinə getmədik, ehtiyatlandıq. Şans düşdü, yararlandılar. Kamilo Duran çox yaxşı mübarizə apardı. Olub ki, komanda 60-70 dəqiqə azlıqda qalıb, ancaq qalib gəlib. Futbol buna görə sevilir”.

Qurban Qurbanov ÇL-in Liqa mərhələsini ən güclü 24 komanda arasında bitirmək şansları barədə də danışıb:

“Qrupa düşəndə narahatlığım var idi ki, futbolçular böyük stadionlarda böyük klublara qarşı həyəcanlanarlar, oyunumuzu itirərik. Amma bir-birimizə güvən oldu, kollektivi düşündüyümüz kimi ələ aldıq deyə, mübariz komanda yarandı. Qrupa kimi inamım var idi. Çünki futbolçularım ÇL-in qrupunda olmağı çox istəyirdilər. İlk turdan məqsəd qoymuşduq. İstək səmimi olanda, nəticə də Allahın izni ilə olur. Bu gün şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Biz daha çox çalışmalı, daha peşəkar olmalıyıq. Nə məşqdən doymalıyıq, nə də bir xaldan. Əksinə, daha çox çalışmalıyıq. Uğurun ardınca qaçmalıyıq. Bir-birimizə güvənib, addım atmalıyıq. Qarşıdakı oyunlarda bizə daha ciddi yanaşacaqlar.

“Mən müdafiəni rəqibin zonasında qurmağı sevirəm”

Qurban Qurbanov 2017-ci ildə “Çelsi”yə qarşı oynamış “Qarabağ”la indiki komandası arasında müqayisələrə də münasibət bildirib:

“2017-ci ildən bu yana “Qarabağ” daha çox təcrübə toplayıb, fərqlidir. Baxmayaraq ki, heyətimizdə yeni oyunçular var. Biz bu gün məğlub olsaydıq belə, özümüz qalib kimi hiss edəcəkdik. Bu cür böyük klubların gözəl Bakımıza gəlməsi, azarkeşlərimizin o ulduzları canlı görməsi, bizim üçün uğurdur. Əvvəlki fikirlərimdə həmişə qalmışam. O vaxt da demişəm ki, böyük məğlubiyyətlər bizi daha da böyüdür. Müəyyən uğuru əldə etmək üçün böyük çətinliklərdən keçməlisən. Böyük sınaqlardan keçiriksə, bunu dərk ediriksə, işimizi daha məsuliyyətli, sağlam görəcəyik. Ona görə həmişə deyirəm ki, belə oyunlar bizi böyüdür. Ola bilər ki, 2017-ci ildəki heyət ayrı-ayrılıqda daha güclü idi. Bizim təcrübəmiz daha çoxalıb. Onda ilk dəfə ÇL-də idik. İndi ikinci dəfədir. Klub olaraq, mən baş məşqçi olaraq, daha soyuqqanlı, inamlı yanaşıram.

Mən bu gün oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər bizə şərait yaradacaqsa, biz bunu edəcəyik. Risklərə getdik. Bəzən belə komandalara qarşı mütləq riskə getməliyik ki, futbolçularda güvəni tapaq. İlk dəqiqələrdən müdafiədə oturacağımızı desəydim, bəlkə futbolçular bunu gözləyirdilər, amma imkan vermədim ki, onlarda qorxaqlıq hiss olsun. Oyunu maksimum rəqibə aid olan hissədə qurmaq istəyirdik. Rəqibdə usta futbolçular var. Bizim qollarımız da elə, rəqibin meydanında topu ələ keçirərək oldu. Hər şeyə real baxmaq lazımdır. Deyim ki, 90 dəqiqə hücum futbolu oynayacağıq, mümkün deyil. Çünki qarşımızda keyfiyyətli komandalar var. Mən müdafiəni rəqibin zonasında qurmağı sevirəm”.

Qurban Qurbanov bu matçın əvvəlində ağır zədə almış Kadi Borgesin durumuna da aydınlıq gətirib:

“Dəqiq fikir deyə bilməyəcəm. Amma bir az ciddiyə oxşayır. Ayaq hissəsində, kiçik sümüklərdən biri qırılana oxşayır. Sabah MRT-dən sonra dəqiq bilinəcək”.

Qurban Qurbanov onun ünvanına səsləndirilən xoş sözlərlə də bağlı fikirlərini paylaşıb:

“Avropada tək “Qarabağ” çıxış edəndə, mənim üçün əlavə məsuliyyət olur. Düşünürəm ki, sabah biz də uduzsaq, bitdi, ölkəyə ən azından yanvara qədər Avropa futbolu gəlməyəcək”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
56
6
arena.az

10Sources