EN

Sumqayıtda əri tərəfindən şiddət görən qadın onu bağışladı — MƏHKƏMƏ

Sumqayıt şəhərində ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

KONKRET.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə cütlüyün birgə yaşadığı ünvanda baş verib. Qubadlı rayon sakini, 1986-cı il təvəllüdlü Şirvan ailə-məişət münasibətləri zəminində arvadı İlhamə (adlar şərtidir –red.) ilə mübahisə edib.

Baş verən mübahisə zamanı o, arvadının sol qolundan yumruq zərbəsi ilə vurub, həmçinin həmin gün aşxam saat 21 radələrində yenidən aralarında ailə-məişət münasibətləri zəminində baş verən mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

Hadisəni törədən Şirvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2016-cı ildə zərərçəkmiş şəxs ilə ailə həyatı qurub, bu evlilikdən 1 oğul övladı dünyaya gəlib: “Evlilik dövründə dəfələrlə aramızda mübahisələr yaranıb. Sonuncu dəfə hadisə günü səhər saat 5 radələrində işdən evə gələrək yatdım. Təxminən saat 10 radələrində yuxudan qalxdım. Yuxudan oyandıqdan sonra oğlu 2018-ci il təvəllüdlü oğlumun playstation aparatında oyun oynamasını gördüm. Uşağın oyun oynamasına görə özümdən asılı olmadan əsəbləşərək ona acıqlandım. Bu zaman həyat yoldaşım müdaxilə edərək uşağa acıqlanmağıma görə iradını bildirdi. Bundan sonra daha da əsəbləşərək İlhamənin sol qolundan tutaraq sirkələdim. Həmin vaxt mənə nalayiq ifadə işlətdi. İlhamənin dediyini anlayıb özünə gəlməsi üçün qolundan yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra onu buraxdım, sakitçilik oldu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 19 radələrində həyatı yoldaşı İlhamə uşağı da götürərək anasıgilə gedib: “Təxminən 1 saatdan sonra geri qayıtdı. Gəldikdən sonra saat 21 radələrində evin səliqəsiz olması ilə bağlı iradlar deyərək deyinməyə başladı. Mən də ondan sakit olmasını istədim. Bundan sonra mübahisə yarandı.

Həmin vaxt İlhamənin saçından tutaraq yoldum və başından yumruq zərbəsi ilə bir neçə dəfə vurdum. Daha sonra İlhamə səsini kəsmədiyi üçün yerə yıxdım, sol qolundan və ayaq nahiyyəsindən dəfələrlə sakitləşməsi üçün yumruq zərbələri ilə vurdum”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkəndə şikayətini geri götürüb, ərini bağışlayıb.

Bu səbəbdən məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Chosen
32
konkret.az

1Sources