EN

ATMU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Böyük Qələbənin 5 illiyinə həsr olunmuş “Şanlı qələbəmizin Zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (AR DTA) nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadə, həmçinin ATMU-nun Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarını salamlayaraq çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə dövlətimizin rəhbərinin müdrik siyasətinin, qətiyyətinin və xalqımızın birliyinin bariz nümunəsidir. O vurğulayıb ki, Müzəffər Ordumuz Azərbaycanın hərb tarixində şanlı bir səhifə yazaraq düşmən üzərində qəti qələbə qazanıb. Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. İlham Mədətov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda görülən işlərdən, dövlətin həyata keçirdiyi siyasətin önəmindən və xalq dəstəyinin vacibliyindən danışıb. O, 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onlara Allahdan rəhmət, ailələrinə isə səbr dilədiyini bildirib.

DTA sədrinin müşaviri Kənan Quluzadə çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən işğalından azad olunub və 30 illik yurd həsrətinə son qoyulub. O, Zəfər Gününün Azərbaycanın regional güc kimi mövqeyini möhkəmləndirdiyini və bu tarixi qələbənin gələcək nəsillərə böyük mənəvi təsir göstərəcəyini vurğulayıb.

Tədbirin davamında ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı çıxış edərək Qarabağ müharibələrinin tarixi, Zəfər Gününə aparan yol və bu qələbənin xalqın birliyi sayəsində əldə olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan təxminən 60 nəfər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif edilib. Şəhidlik zirvəsinə ucalan ATMU məzunu Məhəmmədəli Həsənzadə isə ölümündən sonra bir sıra medallara layiq görülüb.

Tədbirdə şəhid məzunun atası Hörmət Həsənzadə çıxış edərək, 8 Noyabr tarixinin xalqımızın qürur və şərəf günü kimi yaddaşlara həkk olunduğunu bildirib. O, qəhrəman oğullarımıza əbədi minnətdarlıq duyduğunu ifadə edib və gəncləri bu qələbənin nəticələrini qorumağa, ölkəmizin gələcəyinə töhfə verməyə çağırıb.

ATMU-nun məzunları, Vətən müharibəsi iştirakçıları Anar Mahmudov və Nicat Əlizadə çıxışlarında universitetdə keçirilən bu kimi tədbirlərin gənclər arasında milli ruhun və vətənpərvərliyin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər. Onlar Zəfər Gününün Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb, şəhidlərimizin və ordumuzun bu Qələbədəki rolunu bir daha xatırladıblar.

Qeyd edilib ki, bu ildən etibarən ATMU-da şəhid məzunun xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” təsis olunub. Bu təşəbbüsün şəhidimizin adını yaşatmaqla yanaşı, onun vətənə sədaqətini, gənclərə olan inamını və mübarizə ruhunu gələcək nəsillərə ötürmək məqsədi daşıdığını bildirən universitetin rektor müşaviri Fərid Cabbarlı məlumat verib ki, bu təqaüd bakalavriat və magistratura səviyyəsində təhsil alan, ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik tələbələrə təqdim olunur.

Tədbirin sonunda rektor İ.Mədətov və DTA sədrinin müşaviri K.Quluzadə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd”ə layiq görülən tələbələri təbrik edib və onlara təltifnamələr təqdim edib.

 

Chosen
42
50
unikal.az

10Sources