EN

Ruben Amorim - Premyer Liqada oktyabrın ən yaxşı məşqçisi!

“Mançester Yunayted”ə rəhbərlik edən portuqaliyalı mütəxəssis Ruben Amorim İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Amorimli “Mançester Yunayted” oktyabr ayında Premyer Liqa çərçivəsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. Bu qələbələrdən birinin son çempion “Liverpul” üzərində (2:1) qazanılması isə portuqaliyalı mütəxəssisin mükafata layiq görülməsində həlledici rol oynayıb.

Portuqal mütəxəssis ayın qalibi olmaq yolunda Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”) və Andoni İraola (“Bornmut”) kimi məşqçiləri geridə qoyub.

Amorim karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. Cari mövsümdə ilk belə mükafat “Liverpul”u çalışdıran Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda isə “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner ən yaxşı seçilmişdi.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada keçirdiyi 10 oyunda 17 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqaliya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

“Mançester Yunayted” Amorimi 2024-cü ilin noyabrında baş məşqçi postuna gətirib. Portuqal mütəxəssisin İngiltərə nəhəngi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Amorim “Mançester Yunayted”in sükanı arxasında 53 oyuna çıxıb, 22 qələbə, 10 heçə-heçə, 21 məğlubiyyət yaşayıb. Topların fərqi isə 105:100 nisbətindədir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
15
22
arena.az

10Sources