Muxtar Babayev COP30-un açılışını etdi
COP29-un prezidenti Muxtar Babayev Belemdə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib. Ajans.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilir ki, Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib. Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur. Sənədə əsasən beynəlxalq donor ölkələr bir sıra maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Belə ki, adaptasiya maliyyəsi ikiqat artırılmalıdır - illik 40 milyard ABŞ dolları, UNFCCC iqlim fondları 2030-dək üçqat artırılmadır - illik 5,1 milyard ABŞ dolları. Məlumata əsasən, bütün göstərilən məbləğlər minimum hədd hesab olunur. Öhdəliklər yerinə yetirilməsə, zərər və itkilər, qlobal qeyri-sabitlik, ekstremal hava hadisələri, ərzaq sistemlərinin çökməsi, əhalinin köçü və miqrasiyası, etimadın itirilməsi kimi fəsadlar baş verə bilər.