Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissələrinin, o cümlədən anklav və eksklavların demarkasiyası “Ermənistan və Azərbaycan arasında Sərhəd Təhlükəsizliyi və Demarkasiyası üzrə Komissiya ilə Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçiriləcək.
Bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi bu məsələ ilə bağlı KİV-in sorğusuna cavab olaraq bildirib: “Eyni qaydalar komissiyalar tərəfindən qəbul edilmiş qərarların və ya müqavilələrin qüvvəyə minməsi prosedurunu müəyyən edir”.
O da bildirilib ki, demarkasiya komissiyaları hələlik anklav və eksklav məsələsini müzakirə etməyib. Ermənistanın baş naziri Nikol Paşinyan da təsdiq edib ki, Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı heç bir qərar qəbul edilməyib. Paşinyan bildirib ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll edilməlidir: “Bu proses zamanı Alma-Ata Bəyannaməsi əsasında iki ölkənin ərazi bütövlüyü bir daha təsdiqlənməlidir. Bundan sonra bütün mümkün versiyalar müzakirə oluna bilər. Hazırda belə müzakirələr gedir ki, Artsvaşen (Başkənd) məsələsində başqa ssenarilər irəli sürmək daha yaxşı olar və sair. Bu, erməni xalqının iradəsi olmadan mümkün deyil. Əgər biz ərazi mübadiləsindən danışırıqsa, buna erməni xalqı qərar verməlidir”. Erməni baş nazir qeyd edib ki, hazırda Azərbaycanla bu ssenarilərdən heç biri razılaşdırılmayıb: “Delimitasiya prosesində tərəflər sovet dövründə mövcud olan anklavların hüquqi əsaslarını təqdim etməlidirlər. Hələlik bununla bağlı heç bir müzakirə və ya araşdırma aparılmayıb”. Ancaq erməni hərbi ekspert Hayk Nahapetyan qeyd edib ki, reallıqlda proseslər tamam fərqli məcrada inkişaf edir: “Artıq bəllidir ki, demarkasiya prosesində Tiqranaşenin (Kərki kəndi) qaytarılması gündəmdədir. Bu kənd dövlətlərarası yolun yaxınlığında yerləşir və ora qaytarıldıqdan sonra Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün kəndə bitişik ərazilərdə öz hərbi qüvvələrini yerləşdirmək haqqı qazanacaq”. Erməni ekspert hesab edir ki, Kərkinin qaytarılması Ermənistanı praktiki olaraq iki hissəyə böləcək: “Ermənistan texniki cəhətdən çətin və problemli olan dolama yol çəkməyə məcbur olacaq. Digər məsələ Tavuş istiqamətindədir. Buradakı ərazilər qaytarıldıqdan sonra Gürcüstana gedən iki yoldan birinə birbaşa Azərbaycan nəzarət edəcək. Eyni zamanda, Rusiyadan Ermənistana daxil olan qaz kəməri də Azərbaycanın nəzarətinə keçəcək”. Xatırladaq ki, söhbət burada Qazaxın üç məlum kəndində gedir. Nahapetyan bildirib ki, həmin kəndlərin qaytarılması fonunda Ermənistan Rusiyadan enerji dəstəyi almaq imkanından məhrum olacaq: “Bu, artıq taxıl idxalına təsir edir. Türkiyə Ermənistanı taxıl və enerji təchizatı ilə təmin etməyə hazırdır, lakin bu, Azərbaycan mənbələri hesabına olacaq. Bu, o deməkdir ki, Ermənistan Azərbaycan qazı və neftindən asılı olacaq”.
Ermənistan parlamentində erməni deputat Hovik Ağazaryanın bu xüsusda son açıqlamaları da xüsusi maraq doğurub: “Baş nazir bir neçə gün əvvəl bəyan etmişdi ki, sərhədlərin müəyyənləşməsi nəticəsində biz Başkəndi və “hazırda azərbaycanlıların nəzarətində olan digər torpaqlarımız”ı geri alacağıq. Əgər bunu başqa cür ifadə etsək, bu, o deməkdir ki, biz Kərkini Azərbaycana verəcəyik. Kərki onların nəyinə lazımdır? Onlara o yer yalnız strateji məqsədlər üçün lazımdır. Mən indi dəhşətli bir fikir deyəcəyəm: əgər hökumət danışıqlar zamanı Kərkinin Ermənistana, Başkəndin isə Azərbaycana qalmasına nail ola bilməsə, biz başqa addım atmalıyıq. Çünki əminəm ki, bu addımlardan və anklavların dəyişdirilməsindən sonra qaçqınların Azərbaycandan Ermənistana qayıtması məsələsi gündəmə gələcək. Əgər Kərkinin Ermənistana qalmasına nail olmaq mümkün olmasa, biz həm də Başkənddən etiraz əlaməti olaraq, Azərbaycan və Türkiyənin apardığı siyasətə etimadsızlıq ifadəsi kimi imtina etməliyik”.
Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında DAƏsasnaməni müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalayıblar. Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin 960 hektara yaxın ərazisi var. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır. Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.
Kərki kəndində 150-dək erməninin qanunsuz məskunlaşdığına dair məlumatlar var. Kərki kəndi hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş esklav yaşayış məntəqəsidir. Erməni ekspert Şiraz Xaçatryan iddi aedir ki, Tavuş və Naxçıvan istiqamətində anklavların qaytarılmasının aktuallaşması həm hərbi, həm siyasi, həm də iqtisadi risklər yaradacaq. O hesab edir ki, anklavların qaytarılması sərhəddə hərbi baxımdan qüvvələr balansını poza, Ermənistan ərazisinə yeni “təzyiq nöqtələri” yarada bilər: “Siyasi baxımdan, bu, Ermənistanın maraqları nəzərə alınmadan güzəşt etmək deməkdir. İqtisadi baxımdan isə təkcə ərazilərin qaytarılması yox, həm də kommunikasiyaların itirilməsi olacaq. Çünki Ermənistanın daxili nəqliyyat əlaqələrinin mühüm hissələri bu zonalardan keçir. Azərbaycanda Naxçıvan rezidentlərinə vergi güzəştləri ilə bağlı qərar qəbul olundu. Bu, təkcə iqtisadi təşəbbüs deyil, həm də Naxçıvanın məskunlaşma və demoqrafik siyasəti ilə bağlıdır. Bilirik ki, Naxçıvan Azərbaycan və Türkiyənin iqtisadi əlaqələri üçün platforma rolunu oynayır. Vergi güzştləri bu bölgəni azad iqtisadi zonaya çevirir ki, bu da gələcəkdə əhali sayının artmasını şərtləndirəcək. Bütün bunlar Türkiyə və Azərbaycanın uzunmüddətli regional layihələrinin əsas dayaq nöqtəsi olacaq iqtisadi dəhlizin formalaşmasına töhfə verəcək. Belə vəziyyət Ermənistan üçün ciddi risklər yaradır. Naxçıvanın “yeni modeli” sərhədin demarkasiyası çərçivsində Azərbaycanın qaytara biləcəyi ərazilərdə də oxşar azad iqtisadi zonaların yaradılması üçün presedent kimi istifadə oluna bilər, misal üçün anklavlarda. Bu o deməkdir ki, Ermənistanın sərhədləri yaxınlığında Azərbaycan və Türkiyənin nəzarəti altında yeni iqtisadi və logistika mərkəzləri yaradıla bilər”. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.
Həmin kəndlər 24 may 2024-cü il tarixində təhvil verilib. Hazırda erməni işğalı altında 4 kəndimiz qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvanın Sədərək rayonunun Kərki kəndi.
Nahid SALAYEV